31 yanvar 2018 21:57
1268

Azərbaycan mediası əvvəlkindən xeyli azad və müstəqildir

Bu gün Azərbaycan dövləti tərəfindən jurnalistlərə hədiyyə olaraq verilən mənzillər jurnalistlərdə dövlətçilik və vətənpərvərlik təfəkkürünün formalaşmasında, yaradıcılıq azadlığının təmin edilməsində, onların müxtəlif mənbələrdən asılılığının aradan qalxmasında mühüm rol oynayacaq. Yaxın keçmişdə biz bir çox media qurumlarının daxili və xarici siyasi dairələrdən ifrat asılılığının şahidi olmuşuq. Adətən xarici dairələr müxtəlif qrant layihələri ilə mediaya sızır və birbaşa Azərbaycan dövlətinə qarşı azərbaycanlı jurnalistlərin əli ilə fəaliyyət göstərir. Dövlətin mətbuata qayğısı, jurnalistlərin mənzil məsələsi kimi ciddi problemini həll etməsi bu cür təhlükəli tendensiyaların aradan qaldırılmasına səbəb olacaq.

SİA məsələ ilə bağlı media kapitanlarının fikirlərini alıb.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə: “Ümumiyyətlə, Azərbaycan dövlətinin jurnalistlərin problemlərinə diqqət göstərməsini bəzi dairələr qəbul etmirlər və hər zaman qarayaxma kampaniyasında olublar. Hesab edirəm ki, onlar artıq tükəniblər. Həmin qüvvələr Azərbaycanın inkişafını, iqtisadiyyatını, sosial həyatını, dövlətin vətəndaşa olan qayğısını, diqqətini həzm edə bilmirlər. Bunlar müəyyən mənada bədbəxt insanlardırlar. Təbii ki, dövlət öz vətəndaşına daim qayğı göstərir. Analoqu olmayan hadisələrdən biri də məhz budur ki, Azərbaycanda cənab Prezident tərəfindən jurnalistikaya, jurnalistlərə bütün sahələrdə olduğu kimi bu sahəyə də diqqət yetirilir. Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması dünyanın heç bir yerində yoxdur. Amma Azərbaycan dövləti bunu reallaşdırdı və dünyada ilkə imza atdı. Ölkəmiz bunu reallaşdırmaqla öz sözünü bir daha dedi.

Bu gün Azərbaycan dövləti öz vətəndaşlarına, yaradıcı insanlara xüsusi önəm verir. Bu çox vacib məsələdir və burada heç bir qəbaət yoxdur. Bunu yalnız və yalnız alqışlamaq lazımdır və dövlət başçımıza minnətdarlıq etmək lazımdır. Təbii ki, Azərbaycanı istəməyən ermənilər, ermənipərəst dairələr, anti-Azərbaycan qüvvələrdir ki, onlar ölkəmizin sürətli inkişafına qısqanclıqla yanaşırlar. Bu gün dövlətimiz düz yoldadır və özünün inkişaf yolunu tutub. Azərbaycan əhali və ərazi baxımından böyük olmayan bir ölkə olaraq dünyanın ən inkişaf etmiş ölkələrindən artıq birinə çevrilib. Bu cənab Prezidentimizin həyata keçirdiyi siyasətin nəticəsində mümkün olmuşdur. Prezident daim vətəndaşlarına diqqət və qayğı göstərir. Onların yaxşı həyat şəraitində yaşamasına xüsusi önəm verir. Azərbaycan dövlətinin, Prezidentinin apardığı siyasət vətəndaş amilinə söykənir. Vətəndaşlar da daim dövlətinin və Prezidentinin yanındadır. Həqiqətən də bu iki vəhdət əbədidir və daimidir”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “Təəssüf edirəm ki, Azərbaycanda müxtəlif qüvvələrə bağlı olan, medianın siyasətini ayrı-ayrı yerlərə istiqamətləndirmək istəyən müəyyən qruplar, dairələr vardır. Bu qrupların istəyi ondan ibarətdir ki, Azərbaycan mediasında xarici təsirlərin çəkisi çox olsun. Əlbəttə ki, bu doğru bir yanaşma deyil. Azərbaycan jurnalistinin üzərində ölkə vətəndaşının, eyni zamanda Azərbaycan dövlətinin müstəqil olmağında, onun inkişafında böyük öhdəlik var və jurnalistlər bunda maraqlı olmalıdır. Amma təəssüf edirəm ki, bəzi qüvvələr bunu bilərəkdən və planlı şəkildə Azərbaycan mətbuatının ələ alınması kimi qiymətləndirirlər. Azərbaycan dövləti, hakimiyyəti ölkəmizdə medianın inkişafında, qanunvericilikdə təsbit olunan, qanunları qəbul etməkdə, düzənli, nizamlı bir media sisteminin quruluşunda maraqlıdır. Azərbaycan mətbuatının inkişafında dövlətimizin iştirakı lazımdır nəinki lazımdır hətta vacibdir. Bu baxımdan dövlət mətbuata daim dəstək, diqqət göstərib. Jurnalistlərin sosial problemlərinin həlli istiqamətində çox ciddi layihələrə imza atılıb. Həmin layihələrdən biri də məhz jurnalistlərin mənzillə təmin olunmasıdır. Azərbaycan dövləti düzgün yoldadır və düzgün də mövqe müəyyənləşdirilib. Azərbaycan jurnalistləri də ölkəmizin ətrafındadır və onun inkişafında maraqlıdır”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: “Hesab edirəm ki, Azərbaycan dövlətinin jurnalistlərə göstərdiyi diqqətini başqa istiqamətlərə yönəltmək yanlış bir addımdır. Bunun özü bir növ qərəzli bir yanaşmadır və kökündə bir sıra amillər dayanır. Birincisi, Azərbaycanı gözügötürməyən dairələr xidmət etdiyi xarici təşkilatların maraqlarını ifadə edirlər və ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq üçün hətta müsbət məqamları da mənfi yönə yozmağa çalışırlar. İkincisi, bu insanların özlərinin uğursuz fəaliyyətindən irəli gəlir. Eləcə də özlərini jurnalist, mətbuat nümayəndəsi və yaxud siyasət adamı kimi təsdiq edə bilməmələrindən irəli gəlir. Şübhəsiz ki, Azərbaycan dövləti heç bir fərq qoymadan ölkə jurnalistlərinin sosial problemlərinin həlli istiqamətində addım atırsa, burada neqativ bir məsələ axtarmağa nə ehtiyac var? Dövlət hamının, bütün vətəndaşların, o cümlədən də jurnalistlərin dövlətidir. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlər üçün inşa olunan ikinci binanın sakinlərinə açarların təqdim olunması mərasimində çıxışı zamanı da qeyd etdi ki, bir nümunə gətirsinlər ki, mənzil alan jurnalistlərin hər hansı birinə hansısa iqtiqamət verilib. Mənzil onların jurnalistikaya verdikləri töhfələrə, xidmətlərinə görə dövlət tərəfindən verilib. Əgər Azərbaycan Prezidenti mətbuatın problemlərinin həlli istiqamətində addım atırsa və buna Azərbaycanda bir konseptual yanaşma varsa, mütəmadi şəkildə tədbirlər həyata keçirilirsə, bu ilk növbədə ölkəmizdə söz və mətbuat, fikir azadlığına verilən töhfə, dəyər kimi qiymətləndirilir. Amma maraqlıdır ki, bəzi dairələr hətta müsbət addımları da söz və mətbuat azadlığının inkişafına xidmət edən addımları da mənfi şəkildə qiymətləndirməyə çalışırlar. Şübhəsiz ki, biz öz yolumuzdayıq. Azərbaycan mediası öz istiqamətini, yolunu seçib. Bu gün Azərbaycan mediası əvvəlkindən xeyli azaddır və müstəqildir. Nə üçün? Çünki onun arxasında Azərbaycan dövləti dayanıb əksinə ayrı-ayrı xarici təşkilatların, donor təşkilatlarının maliyyəsi dayanmayıb. Azərbaycan dövlətinin verdiyi yardımlar hesabına ölkə mətbuatı inkişaf edir və ayaq üstə dayanır”.