08 aprel 2017 23:03
824

“Fitnə” sənədli filmi maarifləndirici əhəmiyyətə malikdir

“Fitnə” sənədli filmi gənclərin dini radikalizmin təsirlərindən qorunmaları baxımından böyük maarifləndirici əhəmiyyətə malikdir.

Bakı Slavyan Universitetindən (BSU) AZƏRTAC-a bildiriblər ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri, Milli Məclisin deputatı Mübariz Qurbanlı aprelin 8-də ali təhsil ocağında keçirilən “Fitnə” sənədli filminin təqdimatı zamanı deyib.

M.Qurbanlı qeyd edib ki, film gənclərin radikal dini cərəyanların təsiri altına düşməmələri və dini radikalizmin fəsadlarını cəmiyyətin bütün təbəqələrinə çatdırmaq məqsədilə hazırlanıb. Radikalizmin dini, psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən danışan M.Qurbanlı bu təmayüllə mübarizədə gənclərə tövsiyələrini verib. O, filmin davamı olaraq “Şəhadət” adlı ekran əsərinin lentə alınacağını diqqətə çatdırıb.

BSU-nun rektoru, professor Nurlana Əliyeva belə maarifləndirici filmlərin çəkilməsinin və müvafiq mövzuda tədbirlərin təşkilinin əhəmiyyətini vurğulayıb. Rektor ölkəmizi tərk edib yad ölkələrə döyüşə gedən gəncləri Vətənimizin keşiyində durmağa çağırıb.

Sonda tələbələrin “Fitnə” sənədli filmi barədə fikirləri dinlənilib.