04 may 2024 20:15
540

“Qrant maqnatı”: Anar Məmmədli 1441200 AZN-i necə mənimsəyib?

Bu daş, bu da tərəzi

Xəbər verildiyi kimi, məhkəmə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli barədə qərar verib. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinən bu şəxsin barəsində 3 ay 28 gün həbs qətimkan tədbiri seçilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, sən demə, Anar Məmmədli “qrant maqnatı” imiş.

Gürcüstanın “TBC” bankında açılmış hesablar...

Belə ki, o, uzun müddət müxtəlif şəxslərlə əlbir olaraq qrant layihələri adı altında beynəlxalq donor təşkilatlarından maliyyə vəsaitləri alıb. Anar Məmmədli  həmin vəsaitləri  Gürcüstanın “TBC” bankında öz adına açılmış hesablar vasitəsilə əldə edib və vəsaitlərin qanunsuz yollarla nağdlaşdırılaraq Azərbaycan ərazisinə gətirilməsi işinə rəhbərlik edib. Bu əməliyyatı reallaşdırmaq məqsədilə o, əvvəlcə özü və yaxın ətrafı ilə birlikdə mərkəzi İsveçrədə yerləşən “Human Rights House Foundation” təşkilatına üzv olub. Eyni zamanda digər xarici donor təşkilatlarla sıx əlaqələr qurub. Ölkə daxilində ətrafında şəbəkə formalaşdırmaqla bəzi hallarda özünün, bəzi hallarda isə şəbəkənin digər üzvlərinin adından çox saylı qrant layihələri hazırlayıb, müxtəlif şəxslər üçün formal əməkhaqqı, jurnalistlərə avadanlıq alışı və s. adlar altında maliyyə vəsaitləri cəlb edərək öz pulyuma mexanizmini formalaşdırıb. Əldə edilən faktlara əsasən qeyd edək ki, o, təkcə 2021-2024-cü illərdə Gürcüstanın  “Human Rights House Tbilisi” təşkilatından 2.265, Fransanın “Equal Rights İndependent Media” təşkilatından 4.570 avro, İsveçin “Swedish International Liberal Centre (SILC)” təşkilatından 12.625 ABŞ dolları, Norveçin “Norwegian Human Rights House Foundation” təşkilatından 24.850 avro, İsveçrədə yerləşən “Human Rights House Foundation” təşkilatından 27.020 avro, Belçikanın “International Partnership for Human Rights (IPHR)” təşkilatından 43.290 avro, ABŞ-ın “The National Endowment for Democracy (NED)” təşkilatından 53.770 avro, Çexiyanın “Prague Civil Society Centre” təşkilatından 59.850 avro, ABŞ-ın “The National Endowment for Democracy (NED)” təşkilatından 75.010 ABŞ dolları, ABŞ-ın “German Marshall Fund” təşkilatından 74.411 ABŞ dolları və 27.215 avro, habelə dəyəri 170.635 avro və 243.020 ABŞ dolları təşkil edən layihə sənədləri nəzərə alınmaqla ümumilikdə 1.441.200 AZN məbləğində qrant vəsaitləri əldə edib.

Anar Məmmədlinin qurduğu pul yuma mexanizmi

Anar Məmmədli, eyni zamanda müxtəlif şəxslərin beynəlxalq təlim və tədris proqramlarında iştirak etmələri, qrant layihələri ala bilməsi üçün tövsiyə məktubları hazırlayıb, digər şəxslər tərəfindən əldə olunan vəsaitlər də sonda onunla bölünüb. Onun tövsiyə məktublarını hazırladığı şəxslərdən biri “Meclis.info” platformasının rəhbəri İmran Əliyev olub. O, Anar Məmmədlinin qurduğu qrant alma və pulyuma mexanizmindən ən çox faydalanan şəxslərdən biridir. Belə ki, o, ümumilikdə 20-yə yaxın beynəlxalq təşkilatdan qeyri-qanuni 833.000 AZN məbləğində maliyyə vəsaiti alıb.

Amma bəzi qurumlar Anar Məmmədlini aydan arı, sudan duru kimi təqdim etməyə çalışırlar. Məsələn, “Amerikanın səsi” onun həbsini utanmadan Azərbaycan hökumətinin qisas aktı kimi dəyərləndirib. “Human Rights House” beynəlxalq insan haqları təşkilatı isə Anar Məmmədlinin saxlanılmasını pisləyən bəyanat yayıb. Hüquqdan dəm vururlar, amma bəyanatda Azərbaycan hökumətindən onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılması tələb edirlər.

Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı  nümayəndə heyətinin rəhbəri Frank Şvabe isə  "X" hesabındakı paylaşımda Anar Məmmədlinin Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinərək həbs olunmasını insan hüquqlarına, qanunlara məhəl qoyulmaması kimi hallandırıb. Amma əldə olunan faktlar bir daha sübut edir ki, insan hüquq və azadlıqları mövzusu  bu qurumlar üçün yalnız və yalnız manipulyasiyadır.  Cənablar, elə isə bu qədər faktın qarşısında belə sərsəmləməyə dəyərmi? Necə deyərlər, bu daş, bu da tərəzi…

Yeri gəlmişkən qeyd edək ki, adlarını sadaladığımız bu qurumlar  ümumiyyətlə, indiyə qədər heç vaxt Azərbaycan haqqında obyektivlik nümayiş etdirməyib.  Yəni, bir qayda olaraq,  həmişə ölkəmizə qarşı qərəzli münasibət sərgiləyiblər. Daha doğrusu, müstəqil siyasət yürüdən, Qərbin niyyətlərini puç edən ölkəmizə qarşı qərəz püskürüblər. Şübhəsiz, belə təxribatlar dünyada, o cümlədən bölgədə söz sahibi olan, yeni reallıqlar yaradan Azərbaycanı öz haqq yolundan heç vaxt döndərə bilməyəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”