24 yanvar 2018 00:20
1247

Erməni əsgər: Özümü oldürərəm, amma...

Azərbaycan torpaqlarını 26 ildir işğal altında saxlayan Ermənistan ordusunda intihar və ölüm halları baş verməkdə davam edir. Belə ki, yanvarın 21-də Dağlığ Qarabağdakı Ermənistan Müdafiə Nazirliyinin “N”saylı hərbi hissəsinin əsgəri Ernest Ovanisyanın naməlum şəkildə yaralanaraq Yerevandakı Murastan hospitalına yerləşdirilməsi barədə xəbər yayılmışdı. Sonradan isə xəbərin əsl təfərrüatları mətbuata sızdı. Məlum oldu ki, yaralanma hadisəsi əsgərin özünü öldürməyə cəhd etməsi nəticəsində baş verib. Təfərrüata əsasən E.Ovanisyan yanvar ayının 12-də Ermənistan ordusunun tərkibində Dağlıq Qarabağda xidmət etməyə çağırılıb. Lakin o, xidməti yerinə gəldiyi ilk gündən israrla hərbi xidmət etmək istəmədiyini bildirirmiş. Bu faktı işğalçı ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi də təsdiq edib. Sözünə heç bir zabitin məhəl qoymadığını görən gənc əsgər Ernest Ovanisyan çıxış yolu kimi özünü xidmət etdiyi hərbi hissənin pəncərəsindən ataraq öldürməkdə görüb. “Damarlarımı doğrayacam, ancaq xidmət etməyəcəyəm”, deyərək pəncərədən özünü aşağı atan əsgəri ağır yaralı vəziyyətdə hospitala yerləşdiriblər. Hazırda onun səhhəti ilə bağlı məlumat verilmir. 

Qeyd edək ki, belə hadisələr Ermənistan ordusunda çox tez-tez rast gəlinən haldır. Bunların isə təbii ki, bir çox səbəbi var. Ən birinci səbəb odur ki, erməni əsgərlər zorla işğal altında saxlanılan torpaqlarda xidmət etmək istəmirlər. Bununla bağlı Yerevanda dəfələrlə etiraz aksiyaları olub. Bütün iştirakçılar etirazlarında bildiriblər ki, onlar övladlarını zorla işğal altında saxlanılan Azərbaycan torpaqlarında döyüşə göndərmək istəmirlər. Lakin illərdir davam edən aksiyalara məhəl qoymayan Ermənistan hökuməti həm etitazçıları dinləmir, həm də bütün beynəlxalq təşkilatların bəyanatlarına məhəl qoymayaraq Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edir.

Etiraz aksiyalarının digər səbəbləri isə Azərbaycan Ordusunun ilbəil güclənməsi, müasir silahlarla təchiz edilməsi, döyüş qabiliyyətinin artırılması, vətəndaşlarda olan böyük ruh yüksəkliyi (bütün bunları aprel döyüşlərində hər kəs çox yaxşı gördü) və sair faktlar, eyni zamanda işğalçı ölkədə mövcud sosial-iqtisadi vəziyyət, orduda başa alıb gedən rüşvət, özübaşınalıq, ölüm halları və sairədir.  Yaranan bütün narazılıqların, ölüm hallarının yeganə səbəbkarı isə mövcüd rejimdir. Ermənilər özləri də yaxşı bilirlər ki, nə qədər Serj Sarkisyan hakimiyyəti davam edəcək Ermənistanda daxili vəziyyət daha da pisləşərək fəlakətlərə doğru sürətlə irəliləyəcək. Belə ölüm halları da biri-birini əvəz etməkdə davam edəcək.

Taleh Bağırov, “İki sahil”