17 iyun 2017 00:19
480

"Multikulturalizmin Azərbaycan modeli"

Lüksemburq qəzetində "Multikulturalizmin Azərbaycan modeli" adlı məqalə dərc edilib

Lüksemburqun nüfuzlu “AGEFİ” qəzetinin iyun nömrəsində səfir Fuad İsgəndərovun "Multikulturalizmin Azərbaycan modeli" adlı məqaləsi dərc edilib.

Məqalədə bildirilir ki, bu gün dünyada mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq edilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən birinə çevrilib. Bu siyasətin həyata keçirilməsində Azərbaycan Şərq və Qərbin, Şimal və Cənubun kəsişməsində yerləşən, müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu unikal məkan olaraq öz dünyəvi multikulturalizm ənənələrinə güvənir. Vurğulanır ki, Azərbaycan dünyada ilk xristian məskənlərinin yerləşdiyi ölkələrdəndir. Bu gün xristian əhali Azərbaycan cəmiyyətinin və mədəniyyətinin vacib hissələrindən birini təşkil edir. Xristianlarla yanaşı, yəhudilər də Azərbaycanda mehriban şəraitdə yaşayırlar. Əsrlər boyu digər qonşu regionlarda təqib olunan yəhudilər Azərbaycanda təhlükəsiz sığınacaq tapıblar. 1918-ci ildə Azərbaycan ilk dəfə müstəqillik əldə edib və müsəlman Şərqində ilk parlamentli respublika qurub. Ölkənin etnik və dini azlıqları parlamentdə müvafiq yerlərlə təmsil olunublar. 23 ay davam etmiş bu ilk müstəqilliyin müsbət təcrübəsinə əsaslanan Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edəndən sonra ölkədə mədəniyyətlərarası və dinlərarası anlaşmanı qoruyub saxlamağa yönəlmiş siyasət həyata keçirməyə başlayıb və müxtəlifliyə əsaslanan harmoniyanı təmin etməyə müvəffəq olub.

Bu tarixi müxtəlifliyi daha yaxşı tanıtmaq üçün bu yaxınlarda Lüksemburqda təqdimatı keçirilmiş “Əli və Nino” filmi XX əsrin əvvəllərində azərbaycanlı müsəlman gənclə gürcü xristian qızın məhəbbət hekayəsindən bəhs edir. Bu filmin Lüksemburq ictimaiyyətində maraqla qarşılanmasından çox məmnun olduq.

Məqalədə qeyd edilir ki, 2016-cı ilin oktyabrında Azərbaycana səfəri zamanı Roma Papası Fransiskin “Azərbaycanda bütün dinlərdən olan insanlar bir ailə kimi dostluq mühitində yaşayırlar” ifadəsi təqdirəlayiqdir. Avropanın yaxın qonşuluğunda ehtiyac duyulan bu uğurlu multikulturalizm modeli çox əhəmiyyətlidir. Artan dözümsüzlük, ayrı-seçkilik, zorakılıqla xarakterizə olunan bugünkü dünyada dözümlülüyün təşviqi, davamlı sülh, sabitlik və inkişaf üçün mədəniyyətlərarası və dinlərarası dialoq vacibdir. Bu xüsusda Asiya və Avropanın kəsişməsində yerləşən, Avropa təsisatları, eləcə də İslam təşkilatlarında təmsil olunan Azərbaycan müxtəlif sivilizasiyalar arasında körpü rolunu oynamaq üçün əlverişli mövqeyə malikdir. Çoxmədəniyyətlilik təcrübəsindən və tarixi irsindən istifadə etməklə Azərbaycan sivilizasiyalar arasında etimadın qurulmasına töhfə vermək istiqamətində öz qətiyyətini konkret addımlarla sübut edib. Bu xüsusda Azərbaycan mədəniyyətlərarası dialoqu təşviq etmək üçün 2008-ci ildə “Bakı prosesi”nin əsasını qoyub. Bu mexanizm müxtəlif qitələrdə yaşayan, müxtəlif etnik, mədəni, dini və dil kökləri olan qruplar və fərdlər arasında qarşılıqlı anlaşma və hörmətə əsaslanan fikir mübadiləsi platformasıdır.

Bu proses çərçivəsində 2011-ci ildən etibarən hər iki ildən bir Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilir. Sonuncu Forum mayın 5-6-da “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilib. Bundan başqa, 2015-ci ildə Bakıda keçirilmiş Birinci Avropa Oyunları, 2016-cı ildə keçirilmiş “İnklüziv cəmiyyətlərdə birgəyaşama” mövzusunda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, 2017-ci ildə təşkil olunmuş İslam Həmrəyliyi Oyunları Azərbaycanın sivilizasiyalar arasında körpü rolunu oynamasında qlobal yanaşmanın digər elementləridir.

“Biz mədəniyyətlərarası və dinlərarası dialoq vasitəsilə dünyanı daha təhlükəsiz etmək üçün beynəlxalq səylərə töhfə vermək istiqamətində siyasətimizi davam etdirməkdə qərarlıyıq və bu sahədə Lüksemburqla əməkdaşlığımızın böyük potensialı olduğuna əminik”, - deyə müəllif qeyd edir.