17 oktyabr 2017 16:39
570

Şəmkirdə YAP-ın fəal üzvlərinə fəxri fərmanlar təqdim edilib

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon Ağciyər xəstəlikləri xəstəxanası ərazi ilk partiya təşkilatında partiyanın yaradılmasının 25 illiyinə həsr edilmiş tədbir keçirilib.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, ölkəmizin qüdrətinin artırılmasında partiyamızın xüsusi xidmətləri var: “YAP ölkəmiz üçün ən çətin məqamda, hərc-mərclik və özbaşınalığın hökm sürdüyü, xalqın müstəqillik haqqında ümidlərinin və arzularının itdiyi, milli dövlətçiliyimizin mövcudluğunun təhlükə altında olduğu bir vaxtda yaradılıb. Partiya ümummilli lider Heydər Əliyevin uğurlu siyasi kursu sayəsində qısa müddətdə ölkənin aparıcı qüvvəsi kimi formalaşaraq xalqın güvənc və inam yerinə çevrilib”.

Ağciyər xəstəlikləri xəstəxanası ərazi ilk partiya təşkilatının sədri Təhməz Mehdixanov söyləyib ki, YAP-ın yaradılmasını qısqanclıqla qarşılayanların təzyiqinə, bu təşəbbüsün müəlliflərinin məruz qaldığı təqiblərə baxmayaraq insanlar partiya sıralarına daxil olmağa çəkinmirdilər: “Çünki onlar türk dünyasının böyük oğlu, partiyanın banisi, ulu öndər Heydər Əliyevi xalqımızın, müstəqil Azərbaycan dövlətinin xilaskarı kimi görürdülər”.

Natiqlər Azərbaycanda dövlətçiliyin qorunmasında, ölkəmizin tərəqqisində YAP-ın rolunu xüsusi vurğulayaraq qeyd ediblər ki, bu gün ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq bu partiyanın sıralarına qoşulmuş 700 mindən artıq insan, partiyanın Sədri, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin inkişafına mühüm töhfələr verirlər.

Daha sonra Yeni Azərbaycan Partiyasının bir qrup fəal üzvünə fəxri fərmanlar təqdim edilib.

Cavid Əkbərov,

“İki sahil”