Azərbaycan vətəndaşlarının sosial-məişət problemlərinin həlli, insanların rahat və firavan şəraitdə yaşaması Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissəsidir. Xüsusilə ölkənin bütün yaşayış məntəqələrinin təbii qazla təmin edilməsi istiqamətində ölkə başçısının imzaladığı Dövlət proqramlar, fərmanlar və sərəncamlar SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən uğurla icra edilir. Belə ki, 2010-2017-ci illərdə respublikada 1416 yaşayış məntəqəsi təbii qazla təmin edilmişdir ki, bu da 2009-cu illə müqayisədə qazlaşmış məntəqələrinin sayının 3 dəfə artımı deməkdir. Bununla da ölkə əhalisinin qazlaşması səviyyəsi 93 faizə çatdırılmışdır. Əgər 2009-cu ildə respublikada 720 minə yaxın əhali abonenti vardırsa, 1 iyun 2018-ci il tarixinə təbii qazla təmin olunan əhali abonentlərinin sayı 2 milyon 104 minə çatmışdır. Eyni zamanda qaz təchizatının yaxşılaşdırılması məqsədilə Birliyin fəaliyyəti dövründə qazlaşma layihələri çərçivəsində 496691 km yeni qaz xətti çəkilmiş, 9199 km müxtəlif diametrli qaz xətləri isə əsaslı təmir edilmişdir. Əsaslı təmir işləri nəticəsində ötən dövrdə qaz itkilərinin səviyyəsi əhəmiyyətli dərəcədə azalmışdır.
Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransındakı yekun nitqində bildirmişdir ki, 2018-ci ilin sonuna qədər ölkədə qazlaşdırma səviyyəsi 95 faizə çatdırılmalıdır. Ölkəmizin başçısı xüsusilə vurğulamışdır ki, bu göstəriciyə görə ölkəmiz dünya miqyasında qabaqcıl yerdədir, relyefimizi nəzərə alsaq, bir daha görərik ki, bu, nə qədər mürəkkəb işdir. 2018-ci ildə qazlaşdırılma layihələrinin həyata keçirilməsi üçün dövlət büdcəsindən Azərbaycan Dövlət Neft Şirkətinə maliyyə vəsaiti ayrılmışdır.
Prezident İlham Əliyevin verdiyi tapşırıqların və Dövlət proqramlarından irəli gələn vəzifələrin vaxtında icrası məqsədi ilə ilk növbədə 2018-ci ildə bölgələrin qazlaşdırılması proqramı təsdiq olunmuşdur. Proqrama respublikanın regionlarında 42 inizabati rayon üzrə 75 yaşayış məntəqəsinin, 2 yeni yaşayış massivinin, Ağdam, Ağcabədi və Sabirabad rayonlarında məcburi köçkünlərin kompakt məskunlaşdıqları 4 qəsəbənin qazlaşdırılması, 2 yaşayış məntəqəsinin qaz təchizatı sisteminin köklü surətdə yenidən qurularaq yenidən qazlaşdırılması tədbirləri daxil edilmişdir. Proqrama daxil olan yaşayış məntəqələrində birpilləli tənzimlənmə və dairəvi qaz təchizatı sisteminin qurulması nəzərdə tutulumuşdur ki, gələcəkdə mövsümdən asılı olmayaraq yaşayış məntəqələrinin dayanıqlı və təhlükəsiz rejimdə qaz təchizatına zəmanət yaransın. Bu proqramın icrası nəticəsində Tərtər rayonunda cəbhə bölgəsinə yaxın ərazidə yerləşən 8 yaşayış məntəqəsi qazlaşdırldıqdan sonra rayon üzrə qazlaşma səviyyəsi 100 faizə çatacaqdır. Hal-hazırda proqramın icrası geniş vüsətlə aparılır. Belə ki, 24 yaşayış məntəqəsində qazlaşma işləri tamamalanaraq istismara qəbul prosesi aparılır, 32 yaşayış məntəqəsində, 1 yeni yaşayış massivində və məcburi köçkünlərin kompakt məskunlaşdıqları 4 qəsəbədə qazlaşma işləri davam etdirilir. Digər məntəqələrdə qazlaşma işlərinin başlanılması üçün hazırlıq tədbirləri görülür.
2018-ci ilin qazlaşması proqramında nəzərdə tutulmuş və coğrafi mövqeyi ilə bağlı olaraq inşaat işlərinin xeyli mürəkkəbliyinə görə seçilən İsmayıllı rayonunun Lahıc qəsəbəsinin qazlaşdırılması istiqamətində artıq tikinti-quraşdırma işləri yekunlaşmışdır. Görülən işlər nəticəsində müxtəlif diametrli 19.5 km daşıyıcı qaz kəməri, 38.8 km qəsəbədaxili və məhəllədaxili qaz kəmərləri çəkilmiş, 695 əhali abonentində məişət qaz sayğacı və fərdi qaz tənzimləyici quraşdırılmışdır. Yaxın zamanlarda qəsəbəyə qazın verilməsi təmin olunacaq.
Azərbaycan-Ermənistan sərhədinə yaxın bölgələrdə yaşayış məntəqələrinin qazlaşdırılmasına da xüsusi diqqət ayrılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı cari ildə Gədəbəy rayonunun Şınıx bölgəsində 19 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulmuşdur. Hal-hazırda bu bölgədə 4 yaşayış məntəqəsində qazlaşdırma işləri yekunlaşaraq istismara qəbul prosesi gedir, 9 yaşayış məntəqəsində qazlaşdırma işləri isə sürətlə davam etdirilir. Qalan 6 yaşayış məntəqəsində qazlaşma işlərinin başlanılması üçün hazırlıq tədbirləri görülür.
Həmçinin cari ilin 5 ayında aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Bərdə, Şəki, Göyçay, Ucar, Xaçmaz, Beyləqan, Lerik, Sabirabad, Salyan, Cəlilabad və Masallı rayonları üzrə 31 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilmişdir. Həmin dövrdə 1132 km. yeni qaz kəməri quraşdırılmış, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 97.9 km. qaz kəməri əsaslı təmir olunmuşdur. Ötən il Biləsuvar rayonunda məcburi köçkünlərin məskunlaşdığı 4452 evdən ibarət 11 qəsəbə qazlaşdırılaraq təbii qazla təmin olunmuşdur. Eyni zamanda turizmin inkişafı, ekoloji mühitin qorunması və əhalinin sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə 2017-ci ildə Xaçmaz rayonunun Nabran zonasında yerləşən 19 məntəqə qazlaşdırılmışdır.
Elçin Zaman, “İki sahil”