29 iyun 2018 23:57
1643

SOCAR AQŞ “Günəşli”də daha bir quyunun tikintisini başa çatdırıb

SOCAR AQŞ “Günəşli” yatağında daha bir quyunun tikintisini vaxtından əvvəl və uğurla başa çatdırıb.

Müəssisədən AZƏRTAC-a bildirilib ki, 7 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 2945 metr olan 326 saylı quyunun tikintisi işləri təhlükəsiz, vaxtından əvvəl və ətraf mühitə heç bir ziyan vurmadan yekunlaşdırılıb. Quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

SOCAR AQŞ bu quyuda olduğu kimi, növbəti quyuları da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verməyi nəzərdə tutur.