ABŞ-dakı aktiv neft quyularının sayı azalıb.
AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft-qaz quyularının sayı 5 ədəd azalaraq 1047 ədəd olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv neft-qaz quyularının sayı 107 ədəd çoxdur.
Ötən həftə ABŞ-dakı aktiv neft quyularının sayı 4 ədəd azalaraq 858 ədəd olub. Bu, ölkədəki neft quyularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Neft quyularının sayı son 3 ayda ikinci dəfə azalıb. Lakin buna baxmayaraq ötən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 102 ədəd artıb.
Keçən həftə ölkədəki aktiv qaz quyularının sayı da 1 ədəd azalaraq 187 ədəd olub. 2017-ci ilin müvafiq dövrünə nisbətən ölkədəki qaz quyularının sayı 3 ədəd artım göstərib.
Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləmişdi.