2020-ci ildə Avropaya qaz nəqlinə nail olmaq üçün Azərbaycan hökuməti, SOCAR və digər tərəfdaşlarımızla sıx əməkdaşlığımızı davam etdirəcəyik.
AZƏRTAC xəbər verir ki, BP və SOCAR-ın yaydığı birgə məlumata görə bu sözləri BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib.
“2018-ci ildə Türkiyəyə kommersiya məqsədli ilk qaz həcmlərinin nəqli bizim layihənin başlanğıcında vəd etdiyimiz mühüm hədəfdir. Regional hökumətlər və Şahdəniz konsorsiumundakı tərəfdaşlarımızla birlikdə işləyərək, biz bu hədəfə təhlükəsiz, vaxtında və büdcə çərçivəsində çatmışıq. Bu, bizim yüksəkkeyfiyyətli layihələri uğurla birgə həyata keçirə bildiyimizi göstərir. Operator olaraq BP məmnundur ki, Azərbaycanda və bütün regionda uzunmüddətli tərəfdaşlığımız bu dünya miqyaslı layihəni uğurla həyata keçirmək və Türkiyədəki istehlakçılar qarşısında öhdəliklərimizi yerinə yetirmək üçün imkan yaradıb. Biz bu müstəsna nailiyyətimizin davamını gətirərək, növbəti hədəfimizə - 2020-ci ildə Avropaya qaz nəqlinə nail olmaq üçün Azərbaycan hökuməti, SOCAR və digər tərəfdaşlarımızla sıx əməkdaşlığımızı davam etdirəcəyik”, - deyə Qəri Counz bildirib.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağı bu vaxtadək BP-nin ən böyük qaz kəşfidir. Nəhəng yataq təxminən 860 kvadrat kilometr sahəni əhatə edir. 1999-cu ildə kəşf olunmuş yataq təxminən 1 trilyon kubmetr həcmində qaz və 2 milyard barrel kondensat ehtiyatına malikdir. Yatağın işlənməsinin ilk mərhələsi 2006-cı ildə başlayıb. Hazırda birinci mərhələ çərçivəsində ildə hasil olunan 10 milyard kubmetr qaz Azərbaycan, Gürcüstan və Türkiyənin təchizatına yönləndirilir. Bu vaxtadək “Şahdəniz”dən ümumilikdə 91 milyard standart kubmetr qaz və 23 milyon ton kondensat hasil olunub.
İyunun 30-dan “Şahdəniz-2” yatağından hasil olunan ilk kommersiya qazının Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanılıb. TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlər yekunlaşıb. Boru kəmərinin inşası üzrə ümumi işlərin isə 94,8 faizi icra edilib. TANAP layihəsinin dəyəri 8 milyard dollar qiymətləndirilir və mayın sonunadək bu layihəyə 5,5 milyard dollar xərclənib.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 51 faiz, “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) - 7 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.