Portuqaliyanın “Galp Energia” neft şirkəti ölkənin ilk dərinsulu ofşor kəşfiyyat quyusunun qazma işlərinə başlamağı planlaşdırır. Lakin şirkətin kəşfiyyat və hasilat üzrə direktoru quyuda ehtiyatın əldə olunacağı ilə bağlı ümidlərin zəif olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, layihədə “Galp Energia”nın şəriki İtaliyanın “Eni” şirkəti olacaq. Kəşfiyyat zonası çimərlikləri ilə məşhur Visentin sahillərində və oradakı böyük milli parkın sahəsində olduğundan ekologiya fəalları və yerli bələdiyyələrin etirazlarına səbəb olub.
“Ərazidə aparılan seysmik tədqiqatların nəticələri layihəni “maraqlı” edib və biz ən azından sınamalı olduğumuzu qərarlaşdırdıq”,-deyə şirkətin kəşfiyyat və hasilat üzrə direktoru Thore Kristiansen “Röyters” agentliyinə bildirib: “Lakin ümidlərimiz böyük deyil. Quyu boş da çıxa bilər. Ola bilsin ki, oranın geoloji formasiyası Kanadanın şərq sahillərindəki neftli strukturlara bənzəsin”.
Aktivlərinin çoxu Braziliyada olan “Galp Energia” 2020-ci ilədək neft hasilatını 50 %-ə qədər artımaq niyyətindədir. 2020-ci ildən sonra isə şirkətin əsas planı Mozambikdəki nəhəng “Mamba” yatağının istirmarına başlayaraq, təbii qaz hasilatını yüksəltməkdən ibarətdir.
Kristiansen bundan əlavə, avqust ayından etibarən Anqolada “Kaombo Norte” ofşor layihəsi üzrə hasilata başlanılacağını, orada ikinci üzən hasilat qurğusunun gələn ildən işə salınacağını da açıqlayıb.
Nubar Süleymanova, “İki sahil”