Xəzər dənizinin Azərbaycan sektorundakı «Şahdəniz-2» yatağından hasil olunacaq qazı Türkiyəyə və oradan da Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsinə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP (Trans-Adriatik Boru Kəməri) boru kəmərləri daxildir. Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Ümumi dəyəri 40 milyard avro təşkil edən Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP layihəsi Azərbaycanda hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini nəzərdə tutur. Bu, Azərbaycan, Türkiyə və Avropa üçün böyük önəm daşıyır. TANAP layihəsi «Şahdəniz» yatağının işlənilməsinin 2-ci mərhələsinin əsas elementlərindən biridir. «Şahdəniz-2» layihəsi çərçivəsində Azərbaycandan ildə 16 milyard kubmetr qaz Türkiyəyə nəql olunacaq, bunun 6 milyard kubmetri qardaş ölkənin istifadəsinə veriləcək, 10 milyard kubmetrlik hissəsi isə Avropaya ixrac ediləcək. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP-ın isə 2020-ci ildə istismara verilməsi gözlənilir. TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 74 faizi icra edilib.
Azərbaycan təbii qazını Türkiyəyə, oradan da Avropaya nəql edəcək TANAP-ın açılış mərasimindəki nitqində dövlətimizin başçısı cənab İlham Əliyev Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının həm ölkələrimiz, xalqlarımız, bölgəmiz, həm də Avrasiya üçün önəmli amil olduğunu diqqətə çatdıraraq, bildirib ki, bu əlamətdar hadisə iki ölkənin qardaşlığının növbəti təzahürüdür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olub. Dövlətimizin başçısı daha sonra deyib: «Bu, birgə həyata keçirdiyimiz birinci layihə deyil. Biz bundan əvvəl - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd etdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını birlikdə etdik. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını birlikdə etdik. Bütün bu açılış mərasimlərində əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə iştirak etmişik. Bu gün bu tarixi gündə də biz birlikdəyik. Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır.»
Qeyd edək ki, «Şahdəniz-2» layihəsi çərçivəsində Türkiyəyə kommersiya məqsədilə təbii qaz nəqlinə başlanılıb. «Şahdəniz-2» layihəsi qrafik və büdcəyə uyğun təhlükəsiz şəraitdə həyata keçirilir və Türkiyəyə qazın nəqli planlaşdırıldığı kimi, bu il iyunun 30-da başlayıb.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev bu məsələ ilə bağlı deyib: «TANAP vasitəsilə kommersiya məqsədli qazın nəqli Cənub Qaz Dəhlizinin reallaşmasında mühüm tarixi hadisədir. Bu meqa layihənin mürəkkəbliyinə baxmayaraq, biz eyni vaxtda Azərbaycanda, Gürcüstanda və Türkiyədə Cənub Qaz Dəhlizinin seqmentlərinin əlaqələndirilməsinə və istismara verilməsinə nail olduq. Bu işləri qrafikə uyğun və əvvəl gözlədiyimizdən daha aşağı xərclə reallaşdıra bildik. «Şahdəniz-2» üçün platformalar və strukturlar SOCAR-ın törəmə şirkətləri tərəfindən tikilib və bütün tikinti işləri Azərbaycanda aparılıb ki, bu da Azərbaycan və region üçün böyük bir nailiyyətdir.»
Qeyd edək ki, «Şahdəniz» yatağı təxminən 860 kvadrat kilometr sahəni əhatə edir. 1999-cu ildə kəşf olunmuş yataq təxminən 1 trilyon kubmetr həcmində qaz və 2 milyard barrel kondensat ehtiyatına malikdir. Yatağın işlənməsinin ilk mərhələsi 2006-cı ildə başlayıb. Hazırda birinci mərhələ çərçivəsində ildə hasil olunan 10 milyard kubmetr qaz Azərbaycan, Gürcüstan və Türkiyənin təchizatına yönləndirilir. Bu vaxtadək «Şahdəniz»dən ümumilikdə 91 milyard standart kubmetr qaz və 23 milyon ton kondensat hasil olunub. «Şahdəniz-2» çərçivəsində hasil olunacaq əlavə 16 milyard kubmetr qaz 3 min 500 kilometrlik boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya nəql olunacaq.
Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi Azərbaycanın liderliyi ilə həyata keçirilən, tarixi əhəmiyyətə malik, xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihədir. Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə reallaşdırılan qlobal layihələrdən - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolundan sonra Trans-Anadolu qaz boru kəmərinin (TANAP) də istifadəyə verilməsi bölgənin siyasi, sosial-iqtisadi şəraitini dəyişdirəcək əhəmiyyətli hadisə adlandırılır. Cənub Qaz Dəhlizinin reallaşması ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində iştirakı daha da aktivləşəcək, respublikamız regionun enerji təhlükəsizliyində səmərəli xidmət göstərən əsas ölkələrdən birinə çevriləcək.
Orxan Vahidoğlu,
«İki sahil»