10 iyul 2018 17:15
1386

Azərbaycanın möhtəşəm qlobal layihələri

Bu amil Avropanı ölkəmizlə çoxtərəfli iqtisadi əməkdaşlığa sövq edir

Azərbaycan Avropanı qazla təmin edəcək iki nəhəng kəmərini- TANAP-ı istifadəyə verib və TAP-da isə tamamlama işləri yaxın gələcəkdə gerçəkləşəcək. Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” layihəsi regionun ən aktual səmərəli layihələrindən biridir. “Şahdəniz-2” layihəsi üzrə hasil edilən qaz sualtı boru kəməri ilə Səngəçal Terminalına, daha sonra Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və TAP vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırılacaq. Türkiyəyə ilk qaz ixracı cari ildə, Avropaya isə 2020-ci ildə planlaşdırılır. Layihə Gürcüstan və Türkiyə ilə birlikdə Avropa ölkələrinin də davamlı enerji təhlükəsizliyinə xidmət edəcək. TANAP-ın reallaşdırılmasına dair Anlaşma Memorandumu 24 dekabr 2011-ci il tarixində imzalanıb. TANAP “Cənub Qaz Dəhlizi”nin əsas tərkib hissələrindən biridir. Kəmərin uzunluğu 1,802 kilometr təşkil edir. TANAP-ın ilkin illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr hesablanıb. Sonrakı illərdə onun nəqletmə gücünü illik 31 milyard kubmetrədək artırmaq mümkündür.

TANAP Türkiyə-Yunanıstan sərhədində TAP sisteminə qoşulacaq ki, bu da təbii qazın Avropaya çatdırılmasına xidmət edəcək. TANAP layihəsi nəinki “Şahdəniz” yatağından, eyni zamanda, Azərbaycan ərazisindəki digər qaz yataqlarından da hasil ediləcək təbii qazın nəqli potensialına görə əhəmiyyətli siyasi və iqtisadi dəyərə malikdir.

Hazırda davamlı inkişaf dövrünü yaşayan Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrilməsi və bu statusu uğurla daşıması bütün dünyanın, xüsusən bu regionu özünün iqtisadi mənafeyi baxımından vacib tərəfdaşı kimi görən Avropanın qəbul etdiyi inkarolunmaz reallıqdır. Təsadüfi deyil ki, Cənubi Qafqazı əhatə edən hər hansı beynəlxalq layihənin Azərbaycanın maraqlarını nəzərə almadan həyata keçirilməsi mümkün deyil. Azərbaycanla hesablaşır, məsləhətləşir və onu hər bir əməkdaşlıq məsələsində əsas tərəfdaş kimi qəbul edirlər. Son illər başa çatan layihələr, təməli qoyulan yeni əməkdaşlıq telləri bunu bir daha sübut edir. Ötən ilin sentyabrında Bakıda imzalanan yeni neft müqaviləsi Azərbaycanın enerji diplomatiyasının növbəti böyük uğuru idi. Cəmi üç həftə sonra Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qlobal miqyasda söz sahibinə çevrilməsinin növbəti təsdiqi oldu. Bu hadisə göstərdi ki, indi Azərbaycan özünü təkcə neft və qaz hasil edən ölkə kimi deyil, həm də Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən nəqliyyat qovşağı və logistika mərkəzi kimi təqdim edir. Reallıq da ondan ibarətdir ki, son illər ölkəmizin nəqliyyat infrastrukturunda həyata keçirilən yenidənqurma işləri - Bakıda və ölkə regionlarında beynəlxalq hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi bu sahənin inkişafına təkan verib, Asiya ilə Avropanın qovuşuğunda yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmini daha da artırıb. 

Bu günlərdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin istifadəyə verilməsi Azərbaycanın yerləşdiyi bölgədəki aparıcı rolunu bir qədər də yüksəltdi. Bu layihənin başa çatdırılması göstərir ki, ölkəmizdə güclü nəqliyyat-logistika infrastrukturunun formalaşdırılması istiqamətində qarşıya qoyulan vəzifələr uğurla reallaşır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi layihəsinin uğurla reallaşması ilə Azərbaycanın tranzit imkanlarının genişlənməsi baxımından yeni mərhələ başlayır. Çünki bununla ölkəmiz gələcəyə hesablanmış daha bir möhtəşəm addım atdı. Bu limanın işə salınması nəticəsində Azərbaycanın tranzitdən gələn gəlirləri əhəmiyyətli dərəcədə artacaq, respublikamız logistik mərkəz kimi mövqelərini daha da möhkəmləndirəcək. Ən əsası isə gətirəcəyi bütün iqtisadi dividentlərlə yanaşı, bu liman kompleksi Azərbaycanın regionda söz sahibi statusunu möhkəmləndirən mühüm faktordur.

Bu günlərdə açılışı olan “Cənub Qaz Dəhlizi” göstərdi ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə doğru inamla addımlayan, aydın və düşünülmüş strategiyası, dəqiq siyasəti olan dövlətdir. Eyni zamanda bu tarixi hadisə rəsmi Bakının 1994-cü ildən həyata keçirdiyi enerji siyasətinin məntiqi nəticələrindən biri və həm də uğurlu davamıdır.

“Cənub Qaz Dəhlizi” layihəsinin uğurla reallaşmasının əsas səbəbi təbii ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasi-diplomatik fəaliyyətdir. Prezident İlham Əliyevin düşünülmüş, yeni dünya sisteminin müasir çağırışlarına cavab verən siyasi kursu Azərbaycanı regionun lider dövlətinə çevirməklə yanaşı, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanıdıb. Bu gün ölkəmiz mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Azərbaycanın geosiyasi çəkisi sürətlə artır, dövlətimiz regionda sabitləşdirici faktor kimi çıxış edir.

Azərbaycanın başa çatdırdığı hər bir enerji və nəqliyyat layihəsi həm də ölkəmizin böyük siyasi-diplomatik uğurlarıdır. Bu uğur respublikamızın dünyada və Qafqazda söz sahibinə çevrilməsi ilə yanaşı, hər bir məsələdə qətiyyətli mövqeyindən, əməkdaşlıq əlaqələrində etibarlı tərəfdaş olmasından və beynəlxalq birlikdə yüksək nüfuz sahibinə çevrilməsindən irəli gəlir. Bütün bunlar həm də onu göstərir ki, Prezident İlham Əliyevin qətiyyəti ilə Azərbaycan tamamilə müstəqil, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə və inkişafına hesablanmış siyasət yeridir. Uğurla reallaşan bu siyasətin nəticəsi olaraq dünya birliyi Azərbaycana böyük hörmət və rəğbətlə yanaşır.

Elçin Zaman,

“İki sahil”