18 iyul 2018 19:33
1110

Bərdə rayonunun daha iki kəndi təbii qazla təmin olunub

Bərdə rayonunun təbii qazla təmin olunan yaşayış məntəqələri sırasına Hacıbəyli və Kafarlı kəndləri də əlavə edilib. Kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 13 min 950 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 200 mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kəndlərdə qazın verilməsi münasibətilə keçirilən mərasimlərdə rayon ictimaiyyətinin nümayəndələri, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri iştirak ediblər. Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatı Zahid Oruc və başqaları tədbirdə çıxış edərək, sakinləri kəndin mavi yanacaqla təmin olunması münasibətilə təbrik edib, ölkəmizdə, o cümlədən Bərdə rayonunda həyata keçirilən sosial layihələrdən, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar.

Bildirilib ki, respublikamızın hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilişi bərpa edilir, yeni qaz xətləri çəkilir.

Çıxış edən sakinlər əhalinin maddi-rifah halının, sosial məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən kəndlərin mavi yanacaqla təmin olunmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.