“Cənub Qaz Dəhlizi” qlobal əhəmiyyətli geoiqtisadi layihədir. Hər şeydən əvvəl bu layihə dünyadakı geosiyasi kataklizmlər dövründə Azərbaycanın təhlükəsizlik qarantlarından biridir.
“Cənub Qaz Dəhlizi” Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin neft strategiyasından qaynaqlanan çox əhəmiyyətli bir layihədir. Bu, qərb investisiyalarının Xəzər hövzəsinə, Xəzər hövzəsi enerji ehtiyatlarının isə Avropa bazarına çıxarılması siyasətidir ki, bu gün bu strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
1994-cü ildə əsası qoyulmuş bu strategiya SSRİ dövrünün formalaşdırdığı geosiyasi reallığı dəyişdirdi. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, daha sonra isə Bakı-Tbilisi-Qars dəmiryolu Azərbaycanı dünyaya açıq etdi, Avropanın enerji təminatçısı halına gətirdi.
Hazırda Asiyanın ən böyük ölkələrini -Çini, Hindistanı, Cənubi Koreyanı Avropa ilə birləşdirməklə dünyanın “baş yolu”na çevrilən Azərbaycan dünyanın iqtisadi-nəqliyyat mərkəzidir.
“Cənub Qaz Dəhlizi”, eyni zamanda, Azərbaycan-ABŞ münasibətlərinin də inkişaf etdirilməsi deməkdir. Bu dəhliz Amerikanın da, eyni zamanda, 3 regionda-Xəzər hövzəsində, Qara dəniz hövzəsində və Avropa daxilində maraqlarına uyğundur.
Məhz bu layihə ilə Prezident İlham Əliyev ABŞ-Türkiyə və Avropa İttifaqı kimi gücləri bir araya gətirdi. ABŞ Prezidenti Donald Trampın qısa müddətdə ard-arda göndərdiyi məktublardakı mühüm dostluq ismarıcları və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycana daha yaxın mövqedə olduğuna işarə etməsi məhz bu siyasətin nəticəsidir.
Ötən həftə İtaliya prezidenti cənab Sercio Mattarelanın ölkəmizə səfəri də çox uğurla keçdi. Burada digər önəmli məsələ TAP-la bağlı bəzi məsələlərin həll edilməsi oldu. Vurğulamaq lazımdır ki, bu dəhliz İtaliyanın da iqtisadi və siyasi mövqelərini gücləndirir.
Bu gün Prezident İlham Əliyevin Türkiyə ilə münasibətlərdə təməl prinsip kimi elan etdiyi konsepsiya belədir: “Biz bir-birimizin güclənməsinə çalışmalıyıq”. “Cənub Qaz Dəhlizi” bu siyasətin real nümunəsidir.
29 may 2018-ci ildə TANAP-ın açılışı ilə Azərbaycanla bərabər, Türkiyənin də mövqeyi gücləndi. Prezidentlərin “Cənub Qaz Dəhlizi”nin açılışını elan etməsi onun tərkib hissələri olan TANAP və TAP-ın tezliklə reallığa çevriləcəyinin ciddi bir anonsu idi. Şübhəsizdir ki, bu, qardaş ölkənin Avropa ilə münasibətlərdə mövqeyini gücləndirir.
Elçin Zaman,
“İki sahil”