26 iyul 2018 23:12
1371

Bab-əl-Məndəb boğazından neft transferi müvəqqəti dayandırılıb

Səudiyyə Ərəbistanı Bab-əl-Məndəb boğazından neft transferini müvəqqəti dayandırıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanına məxsus 2 neft tankerinin Qırmızı dənizdə Ənsarullah (Husilər) silahlı qruplaşmasının hücumuna məruz qalmasından sonra Bab-əl-Məndəb boğazından xam neft transferi müvəqqəti olaraq dayandırılıb.

Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral resurslar naziri Xalid bin Əbdüləziz əl-Faleh SPA xəbər agentliyinə müsahibəsində deyib: “Bab-əl-Məndəb boğazından xam neft transferi buranın təhlükəsizliyi təmin olunana qədər müvəqqəti dayandırılıb. Ənsarullah silahlı qruplaşmasının xam neft tankerlərinə istiqamətlənən hücumları Qırmızı dəniz və Bab-əl-Məndəb boğazında beynəlxalq ticarət və dəniz nəqliyyatına təsir edir”.

Ölkənin milli neft şirkəti “Saudi Aramco” da Bab-əl-Məndəb boğazından təhlükəsizliyi təmin olunanadək neft nəqlinin müvəqqəti dayandırıldığını təsdiqləyib. “Aramco” bu qərarı neft gəmiləri və ekipajın təhlükəsizliyinin təmin edilməsi, eləcə də ola biləcək neft sızıntılarının qarşısının alınması üçün qəbul etdiyini bildirib.

SPA-nın xəbərinə görə, hücuma məruz qalan gəmilərdən birinə az ziyan dəyib, dənizə neft sızıntısı olmayıb və həmin gəminin ən yaxın zamanda Səudiyyə Ərəbistanı limanına gətiriləcək.