28 iyul 2018 15:48
2025

TAP-ın tikintisi uğurla başa çatdırılacaq

Prezident İlham Əliyevin əsəri olan “Cənub Qaz Dəhlizi” Avropanın enerji xəritəsini dəyişir

Son günlərdə “Cənub Qaz Dəhlizi”nin son seqmenti olan Trans-Adriatik Boru Kəməri (Trans-Adriatic Pipeline, TAP) ilə bağlı məsələlər aktuallığını artırıb. Bu, bir tərəfdən İtaliya prezidenti Serjio Mattarellanın iyulun 17-də Azərbaycana səfəri və səfər çərçivəsində TAP-la bağlı qətiyyətli müzakirələrlə bağlıdırsa, digər tərəfdən “Cənub Qaz Dəhlizi”nin yekunlaşmağa doğru yaxınlaşması ilə bağlıdır. Məlumdur ki, artıq layihənin mühüm hissəsi olan TANAP-a qazın vurulmasına başlanılıb və cari ilin sonunadək satış qazının hazır olması planlaşdırılır.

Bütün ekspertlər “Cənub Qaz Dəhlizi”nin reallaşmasında Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi bacarığının, siyasi ustalığının mühüm rol oynadığını vurğulayırlar. Son proseslər bu mülahizənin əsassız olmadığnı deməyə əsas verir. Hadisələrin gedişi göstərir ki, layihənin, bütün süni əngəllərə rəğmən, həyata keçirilməsində Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi əsas amillərdəndir. Bunu beynəlxalq mediada mövzu ilə bağlı verilən şərhlərdə və materiallarda da görmək mümkündür.

İtaliyanın “Corriera Della Sera” qəzeti TAP-ın hazırkı vəziyyəti və onun ləngidilməsi istiqamətində yaradılan süni əngəllərdən bəhs edən yazı dərc edib. Yazıda diqqəti cəlb edən əsas məqamlardan biri Azərbaycan Prezidentinin məsələ ilə bağlı qətiyyətli mövqeyi və siyasi iradəsinin ifadəsidir.

Qəzet yazır ki, ABŞ İtaliyaya kəmərin tikintisini sürətləndirməklə bağlı təzyiq göstərir. Hətta yaxın günlərdə Amerikaya səfərə gedəcək yeni hökumətin baş naziri Cüzeppe Kontenin bununla bağlı ABŞ-a zəmanət verəcəyi gözlənilir.

Xatırladaq ki, qəzetin bu versiyası əsassız deyil. Yaxın günlərdə ABŞ Dövlət Departamentindən verilən açıqlamada bildirilmişdi ki, TAP Xəzərdən Avropaya qazın nəqlində vacib rol oynayır: "Bu zəmanət bizim Avropa müttəfiqlərin və tərəfdaşların milli təhlükəsizliyi və bununla da birgə qlobal çağırışlara cavab verməsi üçün fundamental xarakter daşıyır". Açıqlamada bildirilib ki, ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə birbaşa maddi yatırım etməsə də, layihəyə qətiyyətlə dəstək verir.

“Corriera Della Sera” qəzetindəki yazıda vurğulanır ki, İtaliya hökumətinə təkcə ABŞ deyil, Azərbaycan da incə diplomatiya ilə təzyiq göstərir. Qəzet bu fikrin təsdiqi kimi Azərbaycan Prezidenti İlham Əliyevin italiyalı həmkarı ilə Bakıdakı görüşdə səsləndirdiyi fikirdən sitat təqdim edib: “Əgər siz daha işi davam etdirməyə hazırlaşmırsınızsa bunu açıq deməlisiniz, bizim alternativ marşrutlarımız var, Avstriya və digər ölkələr bundan məmnun olardılar...”.

Qeyd edək ki, bu fikirlə Prezident İlham Əliyev həm də müəllifi olduğu layihənin qarşısıalınmaz bir proses olduğuna işarə edib. Nəzakətli diplomatik dillə çatdırılıb ki, Azərbaycan öz qazını Avropa bazarına çatdırmaq üçün alternativ imkanlara malikdir. Ölkəmizin buna həm maddi, həm də siyasi gücü kifayət qədərdir.

Mütəxəssislərin fikrincə, İtaliya hökumətinin TAP-dan imtina edəcəyi təqdirdə ölkə böyük maddi itkilərlə üzləşəcək. İlk növbədə, beynəlxalq müqaviləni pozduğuna görə İtaliya 20 milyard avro zərərə düşəcək. Lakin bütövlükdə İtaliya iqtisadiyyatı 40 milyard avrodan artıq maddi gəlirdən məhrum olacaq.  

Lakin ekspertlər qəti əmindirlər ki, TAP-ın tikintisini ləngitməyə çalışan qüvvələr buna nail ola bilməyəcəklər. İtaliya prezidentinin Bakı səfərində aparılan danışıqların məzmunu da belə düşünməyə əsas verir.

Digər tərəfdən, bugünlərdə Avropa Bankının TAP layihəsinin tikintisinin başa çatdırılması üçün 500 milyon avro kredit ayırması göstərir ki, Qərb dairələri layihəni ciddi dəstəkləməklə qalmayıb, onun həyata keçməsi üçün əməli addımlar da atırlar.

Bütün bunlar göstərir ki, “Cənub Qaz Dəhlizi” dünyanın, xüsusilə ABŞ və Avropa ölkələrinin tam dəstəyini qazanıb və artıq qarşısıalınmaz bir reallığa çevrilib.

Taleh Turqut,

“İki sahil”