06 avqust 2018 20:52
1175

Türkiyənin Şırnak vilayətində neft axtarılacaq

Türkiyənin Şırnak vilayətində neft axtarılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin Neft İşləri İdarəsinin “Resmi Gazete”də yer alan məlumatında deyilir. Bildirilir ki, “Güney Yıldızı Petrol Üretim Sondaj Müteahhitlik ve Ticaret AŞ” Şırnakın İdil bölgəsində neft axtaracaq. Şirkətə İdildə 2 müxtəlif ərazidə neft axtarışı üçün 20 illik lisenziya verilib.

Bundan başqa, “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinin neft axtarışına dair bir ədəd sənəd almaq üçün idarəyə müraciət etdiyi də bildirilib.

Qeyd edək ki, TPAO-nun xaricdəki istehsal fəaliyyətlərində təqribən 77 faizlə ilk yeri Azərbaycandakı layihələri tutur. TPAO “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrində 19 faizlik, Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsində 6,8 faizlik, “BTC Ko.”da isə 6,53 faizlik paya sahibdir.