06 avqust 2018 23:16
1283

Türkiyədə özəl sektorun ən böyük investisiya layihəsi

Azərbaycan dünyada alternativ karbohidrogen mənbəyi, transmilli neft-qaz şirkətlərinin etibarlı tərəfdaşı, qlobal enerji təhlükəsizliyi sistemində əvəzedilməz yeri olan ölkə kimi tanınır. Bu, ölkəmizin enerji daşıyıcılarını beynəlxalq bazarlara nəql etməsi, möhtəşəm layihələri həyata keçirməsi sayəsində mümkün olub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bizim enerji strategiyamız müstəqilliyimizin bərpasından bir qədər sonra başlanıb və artıq 3 il sonra - 1994-cü ildə Azərbaycan BP-nin rəhbərliyi ilə dünyanın aparıcı neft şirkətləri konsorsiumu ilə müqavilə imzaladı və layihənin və investisiyaların həcmini nəzərə alaraq bu müqavilə dərhal “Əsrin müqaviləsi” adını aldı. Ötən ilin fevralında Bakıda sonuncu görüşümüzdən sonra keçən dövr ərzində biz eyni yataqla bağlı “Əsrin müqaviləsi”nin uzadılmasına dair yeni müqavilə imzaladıq. Hazırda layihənin müddəti 2050-ci ilədək uzadılıb. Qarşıdakı onilliklər ərzində biz dünyanın ən böyük neft yataqlarından biri olan “Azəri-Çiraq-Günəşli”də sabit və davamlı inkişafdan faydalanacağıq”.

Azərbaycan sözügedən qlobal layihələri tərəfdaşları ilə birlikdə həyata keçirir. Digər tərəfdən, ölkəmizin özü də dünyanın bir çox yerlərində investisiya qoyaraq müvafiq işlər aparır. Beləliklə, 23 il əvvəl iqtisadiyyatına, ilk növbədə neft-qaz sənayesinə xarici sərmayə cəlb etməyə çalışan Azərbaycan son illərdə artıq özü digər ölkələrdə, o cümlədən Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniyaya sərmayə yatırır. Göründüyü kimi, Azərbaycan iqtisadiyyatının investisiya proqramlarının həyata keçirilməsi və bu yolla xarici ölkələrlə məhsuldar iqtisadi əlaqələrin qurulmasında neft-qaz sektoru mühüm rol oynayır. SOCAR-ın son illərdə dünya enerji bazarına inamla daxil olması bunun təsdiqidir. Şirkətin həyata keçirdiyi layihələrin əsas ünvanlarından biri məhz qardaş Türkiyədir. Belə ki, qardaş ölkənin bu sektorda yeganə istehsalçısı olan “Petkim” holdinqi SOCAR-ın idarəçiliyində ilbəil uğurlu nəticələr qazanır. 15 zavod, 6 köməkçi infrastruktur və ildə 3,6 milyon ton istehsal gücünə malik “Petkim”in əsas hədəfi istehsalatın və xidmətin keyfiyyətinin yüksəldilməsindən, istehlakçıların artan tələbatlarının vaxtında təmin edilməsindən ibarətdir. Dinamik inkişafda olan Türkiyə neft-kimya bazarında “Petkim”in payını 30 faizədək artırmaq məqsədilə neft emalı-neft kimyası-enerji-logistika-distribusiya zəncirindən ibarət geniş bir inteqrasiya layihəsinə start verilmişdir. Layihə 2023-cü ildə başa çatdırılmalıdır.

İnteqrasiya şəbəkəsinin əsas elementini illik emal gücü 10 milyon ton həcmində nəzərdə tutulan “Star” Neft Emalı Zavodu (NEZ) təşkil edir. Zavod ilk növbədə “Petkim”i xammalla (yüngül və ağır nafta ilə) təmin etmək üçün inşa olunur. “Star”ın Azərbaycan iqtisadiyyatına ilk 5 ildə hər il 614 milyon dollar, növbəti 10 il ərzində isə hər il 864 milyon dollar həcmində gəlir gətirəcəyi gözlənilir. “Star” Türkiyədə ilk “Strateji İnvestisiya Təşviq Sənədi” verilən layihədir. SOCAR-ın 6,3 milyard dollar kapitalla inşa etdiyi “Star” Neft Emalı Zavodunda artıq sınaq məqsədilə xam neft emalına başlanılıb. Xəbər verildiyi kimi, zavoda 80 min tonluq ilk xam neft yükü Azərbaycandan çatdırılıb. Fəaliyyətə başlamaq ərəfəsində olan zavodda açılış tarixi - oktyabr ayına qədər sınaq məqsədilə emal həyata keçiriləcək. Zavoda ilk xam neftin gəlişi münasibətilə təşkil olunan tədbirdə çıxış edən “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov bildirib ki, zavoda ilk xam neftin SOCAR-ın vətəni olan Azərbaycandan gətirilməsi böyük məna ifadə edir: “Star” NEZ Türkiyədə özəl sektor tərəfindən həyata keçirilən ən böyük investisiyadır və avqustdan etibarən sınaq məqsədilə ilk emalını həyata keçirməyə başlayıb. “Star” NEZ-in fəaliyyətə başlamasından əvvəl ən vacib mərhələlərindən biri sayılan sınaq fəaliyyəti məqsədilə 80 min tonluq ilk xam neft 244 metr uzunluğundakı “Abşeron” tankeri ilə gətirilib. Bu ilk xam neft SOCAR-ın vətəni Azərbaycandan gələn “Azeri Light” olub”.

SOCAR-ın strateji böyümə trendləri arasında xarici bazarlardakı investisiyaların genişləndirilməsinin önəmli bir yer tutduğunu qeyd edən Z.Qəhrəmanov deyib: “Dünya enerji bazarında əmin addımlarla irəliləyən SOCAR bir çox ölkədə fəaliyyətlərini davam etdirir. Bu ölkələr arasında Türkiyə bizim üçün çox önəmli bir yerə sahibdir. SOCAR olaraq Azərbaycan və Türkiyə iqtisadiyyatlarının inkişafına dəstək verməyə davam edəcəyik”.

“Star” Neft Emalı Zavodunun baş direktoru Mesut İlter isə deyib ki, bu ilin dördüncü rübündə fəaliyyətə başlayacaq zavodun sınaq fəaliyyəti uğurla davam edir: “Star” NEZ-in ilk neftinin “Azeri Light” olması bizim üçün böyük məna ifadə edir. “SOCAR Turkey” olaraq Türkiyənin ən böyük sənaye qrupu olma yolunda hər keçən il sürətlə irəliləyəcəyik. Strateji investisiyalarımız ilə ölkə iqtisadiyyatına və sənayesinə güc qatmağa davam edəcəyik. Yerli istehsalı artıran, idxaldan asılılığı və cari kəsiri azaldan, eləcə də yeni iş yerləri yaradan sərmayələrimizi qarşıdakı illərdə də genişləndirəcəyik”.

“Star” NEZ-in iqtisadiyyatın mühüm elementlərindən biri olacağını ifadə edən M.İlter deyib: “Türkiyənin ilk Strateji Sərmayə Təşviqi Sənədinə sahib olan “Star” NEZ Türkiyədə cari kəsirin azalmasına hər il 1,5 milyard dollarlıq töhfə verəcək. 2017-ci ilin avqust ayından bugünədək böyük bir əzm və qərarlılıqla fəaliyyət göstəririk. Artıq istehsaldan əvvəl son mərhələdəyik. Türkiyə və Azərbaycan iqtisadiyyatlarına böyük dəyər qatacaq istehsal əməliyyatına ilk xam neftin qəbulu ilə başlamış olacağıq. Bu, bizim üçün böyük bir qürurdur.”

Xatırladaq ki, illik 10 milyon ton xam neft emal gücü olacaq “Star” Neft Emalı Zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq.

Sevinc Azadi, “İki sahil”