07 avqust 2018 20:58
1092

“Rosneft”in xalis mənfəəti artıb

Rusiyanın ən böyük neft şirkəti olan “Rosneft” bu ilin ikinci rübündə xalis mənfəətini artırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Rosneft”in məlumatında deyilir. Bildirilir ki, şirkətin cari ilin ikinci rübündəki xalis mənfəəti 235 faiz artaraq 228 milyard rubl (təxminən 3,6 milyard dollar) olub. Buna səbəb neftin qiymətindəki bahalaşma və Rusiya rublundakı zəifləmədir.

Şirkətin ümumi satış gəlirləri 47,6 faiz artaraq 2 trilyon rubl olub. “Rosneft”in vergi tətbiq edilməyən mənfəəti 85 faiz artaraq 565 milyard rubl, xalis mənfəəti isə 235 faiz çoxalaraq 228 milyard rubl təşkil edib.

“Rosneft”in gündəlik neft istehsalı isə hesabat dövründə keçən ilin eyni dövrünə nisbətən 0,8 faiz artaraq 4 milyon 600 min barrelə yüksəlib. Şirkət üçüncü rübdə neft istehsalını gündəlik 200 min barrel artıra bilər.

Şirkətin idarə heyətinin sədri İqor Seçin deyib ki, “Rosneft” məhsuldarlığını artırmaqla ikinci rübdə əhəmiyyətli dərəcədə mənfəət əldə edib. Neftin qiymətinin aşağı olduğu dövrdə edilən əsas strateji investisiyalar da tamamlanıb.

“Rosneft” Rusiyanın gündəlik 10 milyon barreli keçən neft istehsalının təxminən 40 faizini həyata keçirir.