Dövlətimizin başçısı İlham Əliyev Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində bir daha bəyan etmişdir ki, Ermənistan rəhbərliyi bilməlidir ki, sülh istəyirsə torpaqlarımızdan öz xoşu ilə çıxmalıdır
“Torpaqlarımız qayıtmayana qədər sülh olmayacaq və Ermənistanın yeni rəhbərliyi bunu çox yaxşı başa düşməlidir. Sülh istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?! Müharibədən əziyyət çəkmiş, həlak olmuş, əlil olmuş Azərbaycan vətəndaşları öz torpağında həlak olublar, Ermənistan torpağında yox. Ona görə münaqişənin həllinin bir yolu var - işğalçı qüvvələr bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Onda bölgədə sülh yaranar. Onda Ermənistan ilə Azərbaycan arasında əlaqələr yarana bilər. Onda regionun geosiyasi vəziyyəti tamamilə dəyişə bilər və dayanıqlı sülh yarana bilər.”
Dövlətimizin başçısı İlham Əliyev Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində bir daha diqqəti xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yoluna yönəldərək, beynəlxalq qurumların qəbul etdikləri qərar və qətnamələrin qüvvədə olduğunu və bundan sonra da olacağını bəyan etmişdir.
Bu reallığı rəsmi Bakı ən yüksək tribunalardan bəyan edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını ATƏT-in Minsk qrupu yerinə yetirsə də bütün beynəlxalq təşkilatların potensial imkanlarından istifadə etməkdə maraqlıdır. Azərbaycan tərəfi Faktaraşdırıcı Missiyanın yaradılması təklifi ilə ilk dəfə BMT-yə müraciət etmişdi. O zaman rəsmi Bakının bu addımını ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina kimi dəyərləndirən işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər belə bir addımın Minsk qrupu tərəfindən atılmasının məqsədəuyğun olduğunu bildirdilər. ATƏT-in Faktaraşdırıcı Missiyası yaradıldı və işğal olunmuş ərazilərimizdə vəziyyəti öyrənmək üçün həmin torpaqlarımızda oldu. Səfərin nəticəsi ilə bağlı hazırlanan hesabat bir daha ikili yanaşmanı nümayiş etdirdi. Qeyd edək ki, Qiymətləndirmə Missiyası iki dəfə işğal olunmuş ərazilərimizdə vəziyyəti öyrənmək üçün araşdırma aparıb. Nəticə dəyişməz olub. Yəni işğalçı adı ilə deyilmir, amma məsələnin ədalətli həllindən bəhs olunur.
BMT Baş Assambleyasının bütün sessiyalarında rəsmi Bakı Dağlıq Qarabağ məsələsinin müzakirəsinə nail olub, ermənilərin iç üzünü faktlar əsasında dünyaya bəyan edib. Ötən il Assambleyanın 72-ci sessiyası da bu baxımdan diqqətçəkən, işğalçı dövlətin yalanlarının açıqlanması baxımından əhəmiyyətli olmuşdu. Həmin sessiyada Ermənistanın keçmiş prezidenti S.Sarkisyan ənənəsinə uyğun olaraq yalanları ilə iştirakçıların diqqətini yayındırmağa çalışsa da, dövlətimizin başçısı İlham Əliyevin çıxışı onun ssenarisini, çirkin niyyətini alt-üst etmişdi. Bu günə qədər beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadığına görə heç bir təzyiqlə üzləşməyən, sanksiyalar tətbiq edilməyən işğalçı dövlətin rəhbərliyi ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı məsələsini arxa plana keçirməyi, yalnız xalqların öz müqəddəratını müəyyən etmək məsələsinə əsaslanmağı təklif etmişdir. Təbii ki, işğalçı dövlətin rəhbərliyinin bu kimi sərsəm bəyanatları törətdikləri cinayətlərə, terror aktlarına, ən əsası beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymamalarına görə heç bir təzyiqlə üzləşməmələrindən irəli gəlir. Ölkə Prezidenti İlham Əliyev BMT-nin tribunasından bir daha bəyan etmişdi ki, hərbi təxribatlar davam edərsə, ölkəmiz öz vətəndaşlarını qoruyacaq və təcavüzkarı yenidən cəzalandıracaq.
Hər bir çıxışında 2016-cı ilin aprel, 2018-ci ilin Naxçıvan qələbələrini önə çəkən cənab İlham Əliyev Azərbaycan Ordusunun böyük gücə, torpaqlarımızı işğaldan azad etmək qüdrətinə malik olduğunu bəyan edir. Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində də bu məqamlara xüsusi diqqət yönəldilmişdir: “Azərbaycan Ordusunun qüdrətini iyun ayında keçirilmiş hərbi paradda göstərdik. Azərbaycan Ordusu bu gün həm texniki təchizat, döyüş qabiliyyəti, silah-sursat baxımından dünya miqyasında ən güclü ordular sırasındadır, nadir ölkələrdə bizim qədər imkan var. Bizim hərbi qələbələrimiz davam edir. Bu ilin may ayında uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpaq işğalçılardan azad edildi. İndi oraya həyat qayıdır, əkin işləri aparılacaqdır.”
Uğurlu siyasətimiz Azərbaycanın davamlı inkişafına geniş yol açır. “Bizim qarşımızda bütün yollar açıqdır, üfüqlər aydındır” söyləyən dövlətimizin başçısı İlham Əliyev bu inamı da ifadə edir ki, bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək. Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir. Aprel, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir və əmin edir ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir, buna hazırdır.” Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən hərbi paradda da bu əminliyi diqqətə çatdırmışdır ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.
Münaqişənin həllində beynəlxalq dəstək hər zaman önə çəkilir. Azərbaycan dövlətinin uğurlu daxili və xarici siyasəti nəticəsində həqiqətlərimiz əsaslı şəkildə, faktlarla dünya ictimaiyyətinə çatdırılır. Dünya dövlətlərinin və beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə ölkəmizin haqlı mövqeyi dəstəklənir. Bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin Belçikaya səfəri zamanı ölkəmizlə Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlığın prioritetləri” sənədində də Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı ilə bağlı ədalətli mövqe öz əksini tapıb. Bu da ölkəmizin diplomatiya sahəsində qazandığı uğurların əsas tərkib hissələrindəndir. Xatırlasaq, bir müddət öncə Bolqarıstanın BTV televiziya kanalında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən geniş verilişin yayımlanması, verilişə görə onu hazırlayan jurnalistə və BTV televiziyasına qarşı hücuma keçib təhdidlərin başlanması da ölkə və dünya mətbuatında geniş müzakirə mövzusu oldu. Bu olay bir tərəfdən haqqın, ədalətin qələbəsini, digər tərəfdən isə ermənilərin əsl simasını nümayiş etdirdi. Həmin verilişdə qoşunların təmas xəttindəki vəziyyət, erməni vəhşiliyi, Xocalı soyqırımı və digər məqamlar, o cümlədən münaqişə ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verilmişdir. Bu kimi faktları xeyli sayda sadalamaq olar. Ümumi nəticə budur ki, yalanın həqiqət üzərində qələbəsi mümkünsüzdür, ən əsası gerçəkliyi özündə əks etdirməyən təbliğatın ömrü uzun sürə bilməz. Baxmayaraq ki, ermənilər illərdir xarici himayədarlarının dəstəyi ilə öz yalanlarını həqiqət kimi beynəlxalq ictimaiyyətə sırımaq üçün dəridən-qabıqdan çıxırlar. Amma bəzi dünya dövlətləri, təşkilatlar unudurlar ki, belə yanaşmalar beynəlxalq hüququn norma və prinsiplərinin mövcudluğunu sual altına alır. Bu isə özü-özlüyündə beynəlxalq hüquq probleminin yaşanmasına işarədir. Dövlətimizin başçısı İlham Əliyev dünyanın ikili siyasətinin yaratdığı problemləri ən yüksək tribunalardan bəyan edir: “Əfsuslar olsun ki, bizim ölkəmiz uzun illər ikili standartlarla üzləşir. Bəzi yerlərdə BMT Təhlükəsizlik Şurasının qətnamələri bir gün ərzində icra edilir, bizə gəldikdə isə 20 ildən çoxdur ki, bu qətnamələr kağız üzərində qalır və onları qəbul edənlər də buna biganə qalırlar. Belə olan halda Azərbaycan öz gücünü artırmalıdır və artırır.”
Cənab İlham Əliyevin xarici siyasətimizin əsas istiqamətlərindən olan Avropa dövlətləri ilə əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edən addım kimi dəyərləndirilən son Fransa, Belçika səfərləri çərçivəsində keçirilən görüşlərdə də əsas müzakirə mövzularından biri təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi oldu. Ölkə və dünya siyasətçiləri, politoloqları bu nəticəni ortaya qoydular ki, ATƏT-in Minsk qrupunun həmsədri və Avropanın aparıcı ölkələrindən biri olan Fransa rəhbərliyinin Azərbaycana və onun rəhbərliyinə yüksək münasibəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllində önəmli faktor hesab oluna bilər. Nəzərə alsaq ki, Fransa erməni diasporunun güclü olduğu ölkələrdəndir, bu ölkədə cərəyan edən proseslərə onların təsir imkanları böyükdür, bu gün Azərbaycan-Fransa münasibətlərinin yüksələn xətlə inkişafı, rəsmi Parisin Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatları işğalçı dövlətdə narahatlıq yaratmaya bilməz. Ölkə Prezidenti İlham Əliyevin Fransa səfərindən sonra erməni mətbuatında Fransanın Ermənistana xəyanət etməsi, Azərbaycanla iqtisadi mənafeləri naminə Dağlıq Qarabağ münaqişəsinə azərbaycanpərəst mövqe tuta bilməsi barədə əks-təbliğatın aparılması da bu narahatlıqdan irəli gəlirdi. Hansı ki, Ermənistanın keçmiş prezidenti S.Sarkisyan ötən il Fransaya səfəri zamanı iş adamları ilə görüşündə ölkəsini innovasiyalar ölkəsi kimi təqdim etmişdi. Cənab İlham Əliyev onun bu fərziyyəsini belə cavablandırmışdır: “O, innovasiyalar barədə danışırdı, deyirdi ki, Ermənistan innovasiyalar ölkəsidir. Açığını deyim, biz Azərbaycanda buna gülürdük, çünki çox məşhur bir deyim var- əgər bu qədər ağıllısansa, niyə bu qədər kasıbsan... Ermənistan prezidenti fransız şirkətlərinə nağıl danışmaq əvəzinə, yaxşı olarda ki, diqqəti əhalisinin yarısından çoxu gələcək üçün heç bir perspektivi olmayan, yoxsulluq həddindən də aşağı yaşayan ölkədəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin.. Əgər bu ölkə belə yaxşı və cəlbedici olsaydı, ola bilsin ki, insanlar qalmağı tərk etməkdən üstün tutardılar.”
2018-ci ilin arxada qalan dövründə ölkəmizin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində möhkəmlənən mövqeyinə diqqət yetirsək, bu məqam bir daha özünü qabarıq şəkildə büruzə verir ki, artıq dünya həqiqətə həqiqət gözü ilə baxmaq barədə düşünür. Əvvəldə də qeyd etdiyimiz kimi, məsələyə haqqın, ədalətin müdafiəsi nöqteyi-nəzərdən yanaşmadıqda problemin çözülməsi uzanır, ən əsası beynəlxalq təşkilatların, dövlətlərin mövqeyinə inam azalır. Bütün bu hallara baxmayaraq, Azərbaycan inkişaf yolunda inamla irəliləyir, haqq səsini dünyaya çatdırmaq üçün bütün imkanlardan istifadə etməyə səy göstərir. Dövlətimizin başçısı İlham Əliyev Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində bu bəyanatı səsləndirmişdir: “Biz öz siyasətimizi davam etdirəcəyik, daha da güclü olmalıyıq. Bütün beynəlxalq təşkilatlar bizi beynəlxalq və siyasi müstəvidə dəstəkləyir. İqtisadi sahədə Ermənistanla Azərbaycan arasında yerlə göy qədər fərq var. Həm hərbi paradda nümayiş olunan imkanlar, həm də döyüş meydanında göstərilən şücaət, qəhrəmanlıq göstərdi ki, kim kimdir və kim nəyə qadirdir. Biz bütün bu imkanlardan istifadə edirik və edəcəyik. Biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Bir daha demək istəyirəm, Ermənistan rəhbərliyi bilməlidir ki, sülh istəyirsə, torpaqlarımızdan öz xoşu ilə çıxmalıdır.”
Yeganə Əliyeva, “İki sahil”