Kartel üzvlərinin builki gəlirlərinin 736 milyard dollar olacağı gözlənilir
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) neft ixracı üzrə ümumi gəlirləri ötən il 2016-cı ilə görə 28 faiz nisbətində artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb.
Bildirilir ki, OPEC-in neft ixracı üzrə gəlirləri keçən il 567 milyard dollar səviyyəsində olub. 2016-cı ildə isə bu göstərici 447 milyard dollar təşkil edib. Beləliklə də, keçən il kartelin neft ixracı üzrə gəlirləri 2016-cı illə müqayisədə 28 faiz artım göstərib.
Belə ki, xam neftin qiymətinin bahalaşması, eləcə də OPEC-ə üzv ölkələrin xam neft ixracını çoxaltması gəlirlərdəki artımda əhəmiyyətli rol oynayıb.
OPEC üzvlərinin neft ixracından əldə etdiyi ümumi gəlirin bu il 736 milyard dollar və gələn il isə 719 milyard dollar olacağı təxmin edilir.
Ötən il kartel üzrə neft ixracından ən çox gəlir əldə edən ölkə Səudiyyə Ərəbistanı olub. 2016-cı ildə ölkənin neftin ixracından əldə etdiyi gəlirlər 134 milyard dollar olub, keçən il isə bu göstərici 24,6 faiz artaraq 167 milyard dollara çatıb. Səudiyyə Ərəbistanının OPEC-in ümumi neft ixracında payı ötən il 29,4 faiz olub.
Siyahıda ikinci yerdə olan İraq 2016-cı ildəki 53 milyard dollar olan gəlirini 30,2 faiz artıraraq ötən il 69 milyard dollara çatdırıb. Keçən il İraqın kartelin neft ixracındakı payı yüzdə 12,17 faiz təşkil edib.
İran və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) neft ixracı üzrə gəlirlərə görə siyahıda üçüncü yeri tutublar. Ötən il İranın neft ixracı üzrə gəlirləri 55 milyard dollara çatıb. Bu göstərici 2016-cı ildəki 37 milyard dollarla müqayisədə 48,6 faiz çoxdur.
BƏƏ-nin 2017-ci ildə neft ixracından əldə etdiyi gəlir də 55 milyard dollar səviyyəsində olub və 2016-cı ildəki 45 milyard dollara görə 22,2 faiz artıb. Hər iki ölkənin OPEC-in ümumi neft ixracında payı ötən il 9,7 faiz olub.
Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.