Avqustun 25-də və 26-da Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva İsmayıllı və Şamaxı rayonlarında bir neçə kəndi birləşdirən magistral yolların, məktəblərin açılışında, ən başlıcası isə Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimlərində iştirak ediblər.
Lahıc qəsəbəsinə təbii qazın verilməsini əhəmiyyətli hadisə kimi dəyərləndirən ölkə başçısı deyib: “ Çox şadam ki, Lahıc qəsəbəsinə gəlmişəm. Uzun illərdir ki, istəyirdim gəlim. Amma Prezident kimi ilk səfərimdir. Əvvəllər dəfələrlə olmuşam, siz də bunu yaxşı bilirsiniz. İstəyirdim əliboş gəlməyim. Ona görə bir az vaxt apardı. Ancaq bu səfər ərəfəsində Lahıc qəsəbəsində çox önəmli hadisələr baş vermişdir. Birincisi, biz bu gün Dəmirçi-Lahıc avtomobil yolunun açılışını qeyd etdik. Bu, hesab edirəm ki, tarixi bir layihədir. Lahıc qəsəbəsini Şamaxı rayonu ilə birləşdirir. Əvvəlki yol keçilməz idi. Heç yük maşını ilə getmək mümkün deyildi. İndi isə mən özüm bu yolla gəlmişəm. Çox rahat, gözəl yoldur, təhlükəsiz yoldur. Bakıdan Lahıca gələn turistlər üçün də, vətəndaşlar üçün də çox rahat bir yoldur. Həm daha qısadır, həm də təhlükəsiz getmək mümkündür.”
Ölkə Prezidenti Lahıc qəsəbəsində açılan yeni 400 şagird yerlik məktəb binasının açılışında iştirak edərək bunun lahıclıların təhsilində böyük rol oynayacığını bildirdi. Ən başlıcası isə ölkə rəhbəri qəsəbənin təbii qazla təminatını yüksək qiymətləndirərək bunu onların sosial məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edəcəyini söyləyib: “Əlbəttə ki, Lahıc qəsəbəsinə təbii qazın çəkilişi də tarixi layihədir. Siz yaxşı bilirsiniz ki, qaz xətlərini çəkmək çox çətin məsələdir, həm maliyyə baxımından, həm texniki baxımdan. Ancaq Lahıcın Azərbaycanda xüsusi yerini nəzərə alaraq, biz bu böyük layihəni də icra etdik. İndi biz təbii qazın verilməsini sizinlə birlikdə qeyd edəcəyik. Yəni, bir daha demək istəyirəm, mən bu gün gəlmişəm ki, bu tədbirlərdə iştirak edim və sizinlə görüşüm. Şadam ki, Lahıc sakinlərinin xahişləri tam yerinə yetirilib. Əgər əlavə xahişlər olarsa, siz mənə deyin, biz onları da həll edərik ki, bu tarixi, qədim qəsəbə öz inkişafını bundan sonra da təmin etsin.”
Prezident İlham Əliyev lahıclıların ölkəmizin inkişafındakı xüsusi rolunu qeyd edərək bu qəsəbənin böyuk və məşhur insanları barədə danışıb və həmişə bu qəsəbəyə xüsusi diqqət yetirdiyini bildirib: “ Mən şadam ki, bu gün sizinlə birlikdəyəm. Mən lahıclılarla müxtəlif sərgilərdə dəfələrlə görüşmüşəm - Bakıda, Mehriban xanımın xətti ilə Heydər Əliyev Fondunun tədbirlərində, xarici ölkələrdə lahıclılar öz sənətini nümayiş etdirirlər. Hər dəfə də onlar məni dəvət edirdilər, mən də hər dəfə deyirdim ki, gələcəyəm. Amma bir daha demək istəyirəm, istəyirdim ki, əliboş gəlməyim. Sizi bir daha təbrik edirəm”.
Bu gün Lahıc kimi bir ucqar və mürəkkəb dağ relyefinə malik olan qəsəbənin təbii qazla təmin edilməsi böyük və məsuliyyətli bir işdir ki, onun da öhdəsindən layiqincə gəlinib. Açılış mərasimində iştirak edən SOCAR prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevə ölkəmizin qazlaşdırılması işi barədə məlumat verərək bildirib ki, , bu gün artıq 2297 qəsəbə mərkəzləşdirilmiş qazla təmin olunub: “Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində qaz şəbəkələrinin sahəsi 10 500 kilometrdən 45 500 kilometrə çatıb. Qazlaşdırma sahəsi arta-arta gedir. Bu gün ölkə üzrə qazlaşdırma səviyyəsi 95 faizdir”.
O qeyd edib ki, bundan əvvəl 720 min abonent olsa da, Dövlət Proqramından sonra artıq 2 milyon 140 min abonent var: “Əgər itkilər 2010-cu ildə 16-17 faiz idisə, yeni sistemlərin qurulmasından sonra itkilər azalıb və hazırda 5,5 faizə enib. Lahıca qaz çəkildikdə biz 19 kilometr kənardan qazpaylayıcı məntəqəsindən götürmüşük. Bununla bərabər, Qaraqaya, Gəndov, Namazgah kəndləri də qazlaşdırılıb. Lahıcın daxilində ümumilikdə 39 min metr uzunluğunda boru xətti çəkilib”.
SOCAR prezidenti vurğulayıb ki, dövlət başçısının göstərişi ilə fərq qoymadan bütün evlərə, bütün obyektlərə qaz çəkilib: “Relyefin xüsusiyyətlərinə, iqlim şəraitinə görə burada qaz çəkilişinin çətinlikləri var. Qaz xətti dağlıq ərazilərdən, qayalıqlardan keçdiyinə görə bəzən borular əllə daşınıb”.
Azərbaycan Prezidentinin sosial siyasətinin başlıca qayəsi vətəndaşların məişət problemlərinin həllini minumum endirməkdir. Xüsusilə ölkənin bütün yaşayış məntəqələrinin təbii qazla təmin edilməsi istiqamətində ölkə başçısının imzaladığı Dövlət proqramlar, fərmanlar və sərəncamlar SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən uğurla icra edilir. Ən nəhayət ölkənin qazlaşdırılmasının başa çatdırılması SOCAR-ın qarşısında bir vəzifə kimi qoyulub.
Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransındakı yekun nitqində bildirmişdir ki, 2018-ci ilin sonuna qədər ölkədə qazlaşdırma səviyyəsi 95 faizə çatdırılmalıdır. Ölkəmizin başçısı xüsusilə vurğulamışdır ki, bu göstəriciyə görə ölkəmiz dünya miqyasında qabaqcıl yerdədir, relyefimizi nəzərə alsaq, bir daha görərik ki, bu, nə qədər mürəkkəb işdir. 2018-ci ildə qazlaşdırılma layihələrinin həyata keçirilməsi üçün dövlət büdcəsindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə maliyyə vəsaiti ayrılmışdır. Prezidentin verdiyi tapşırıqların və Dövlət proqramlarından irəli gələn vəzifələrin vaxtında icrası məqsədi ilə ilk növbədə 2018-ci ildə bölgələrin qazlaşdırılması proqramı təsdiq olunmuşdur. Proqrama respublikanın regionlarında 42 inizabati rayon üzrə 75 yaşayış məntəqəsinin, 2 yeni yaşayış massivinin, Ağdam, Ağcabədi və Sabirabad rayonlarında məcburi köçkünlərin kompakt məskunlaşdıqları 4 qəsəbənin qazlaşdırılması, 2 yaşayış məntəqəsinin qaz təchizatı sisteminin köklü surətdə yenidən qurularaq yenidən qazlaşdırılması tədbirləri daxil edilmişdir. Proqramın icrası nəticəsində Tərtər rayonunda cəbhə bölgəsinə yaxın ərazidə yerləşən 8 yaşayış məntəqəsi qazlaşdırldıqdan sonra rayon üzrə qazlaşma səviyyəsi 100 faizə çatacaqdır. Hal-hazırda proqramın icrası geniş vüsətlə aparılır.
Azərbaycan-Ermənistan sərhədinə yaxın bölgələrdə yaşayış məntəqələrinin qazlaşdırılmasına da xüsusi diqqət ayrılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı cari ildə Gədəbəy rayonunun Şınıx bölgəsində 19 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulmuşdur. Hazırda bu bölgədə 4 yaşayış məntəqəsində qazlaşdırma işləri yekunlaşaraq istismara qəbul prosesi gedir, 9 yaşayış məntəqəsində qazlaşdırma işləri isə sürətlə davam etdirilir. Qalan 6 yaşayış məntəqəsində qazlaşma işlərinin başlanılması üçün hazırlıq tədbirləri görülür.
Həmçinin cari ilin 5 ayında aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Bərdə, Şəki, Göyçay, Ucar, Xaçmaz, Beyləqan, Lerik, Sabirabad, Salyan, Cəlilabad və Masallı rayonları üzrə 31 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilmişdir. Həmin dövrdə 1132 km. yeni qaz kəməri quraşdırılmış, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 97.9 km. qaz kəməri əsaslı təmir olunmuşdur. Ötən il Biləsuvar rayonunda məcburi köçkünlərin məskunlaşdığı 4452 evdən ibarət 11 qəsəbə qazlaşdırılaraq təbii qazla təmin olunmuşdur. Eyni zamanda turizmin inkişafı, ekoloji mühitin qorunması və əhalinin sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə 2017-ci ildə Xaçmaz rayonunun Nabran zonasında yerləşən 19 məntəqə qazlaşdırılmışdır.
Elçin Zaman, “İki sahil”