29 avqust 2018 13:59
1585

“Şahdəniz”: Ulu Öndərin şah əsəri, Prezident İlham Əliyevin əbədi yandırdığı məşəl

“Şahdəniz” strukturu 1954-cü ildə Azərbaycan geoloqları tərəfindən aşkar edilib və Bakıdan 60 km cənubda, Xəzər dənizində yerləşir. Strukturun şimalında suyun dərinliyi 50, cənubunda isə 500 metr olmaqla,  eni 12 km və uzunluğu 30 km olan sahəni əhatə edir. Təxminən 1990-cı ilə kimi bu strukturun öyrənilməsinə ciddi cəhd göstərilməmişdir.  Bir məqamı qeyd edim ki, o dövrdə bir cox alimlər və neftçi mütəxəssislər strukturun perspektivliyini müsbət qiymətləndirmirdilər. Bəzi tədqiqatçılara dərin qatlarda neft-qaz yataqlarının olması inandırıcı gəlmirdi və bu olsa belə onun istismarı mümkünsüz sayılırdı. Belə bir vəziyyətdə Xəzər dənizinin dərin qatlarında yatan neft-qaz yataqlarının varlığı və istismarı xəyal kimi düşünülürdü.

Xəzər dənizinin dərin sularında dərin qatlarda yatan neft-qaz yataqlarının istismarı haqqında qərar vermək çox riskli bir problem idi. O dövrdə “Şahdəniz” strukturunda quyular qazılmasına başlanılmış və təxminən 2 min metr dərinliyə qədər qazılmış, ancaq vəsaitin olmaması səbəbindən bu iş davam etdirilməmiş və başlı-başına buraxılmışdı. Sonralar Azərbaycan hökuməti “Şahdəniz” strukturunun öyrənilməsi və işlənməsi ilə əlaqədar Böyük Britaniya Krallığının “Britiş Petroleum” və Norveçin “Statoyl” şirkətləri ilə müqavilə imzaladı. Bu müqavilədə həmin yatağın birgə işlənməsi üçün danışıqlar aparılması və yatağın işlənməyə hazırlanması barədə “Britiş Petroleum” və “Statoyl” şirkətlərinə xüsusi səlahiyyətlər verildi. Bu iki şirkət alyans yaradaraq işə başladı, sonra həmin alyansa Türkiyənin “Türkiyə Petrolları Anonim Ortaqlığı” şirkəti də qoşuldu, onlar bu işləri öz imkanları çərçivəsində apardılar.

Dənizdə olan perspektivli strukturların öyrənilməsi, neftlilik-qazlılıq perspektivinin qiymətləndirilməsinə dair ciddi və müdrik qərarları ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gələndən sonra verdi və onun göstərişi ilə Dövlət Neft Şirkəti tərəfindən “Şahdəniz” və digər strukturların geoloji quruluşunun müasir geofiziki üsullarla öyrənilməsinə diqqət artırıldı.

Aparılan tədqiqatlar öz bəhrəsini verdi və “Şahdəniz” yatağı 1999-cu ildə kəşf edildi. İlkin hesablamalarda geoloji kəsilişin kollektorlarında 1 trilyon kubmetr qaz ehtiyatı olduğu proqnozlaşdırıldı və beləliklə “Şahdəniz” yatağının dünyanın ən böyük qaz-kondensat yataqlarından biri olduğu təsdiqləndi.

“Şahdəniz” yatağında kəşfiyyat işlərinin aparılması üçün quyu, yatağın cənub-qərb hissəsində, o dövrdə Xəzər dənizində rekord olan 7300 metrdən çox dərinliyə qazıldı. Bu yatağın açılması Azərbaycanın qaz ehtiyatlarının çox zəngin olduğunu göstərdi. Yatağın qaz ehtiyatlarının həm daxili tələbatı tam ödəməyə və həm də tələbatdan artıq qazın ilk dəfə olaraq xarici ölkələrə satmaq imkanlarının olduğunu təsdiqlədi.

Xəzərdə yataqların aşkar olunmasının və istismarının tarixinin Ulu Öndərin rərbərliyi dövründə başladığı hamıya məlumdur. Keçən yüzilliyin ortalarından başlamış axtarış-kəşfiyyat işləri indi də davam etdirilir. Aşkar olunmuş neft-qaz yaraqları hazırda Azərbaycanın neft potensialının əsas həcmini əhatə edir.

Məhz Ulu Öndərin bilavasitə iştirakı

 ilə dənizdə perspektivli neft yataqlarının  kəşfiyyat işləri xeyli genişlənərək sürətləndi, dəniz neftinin çıxarılması maksimum həddə yüksələrək 12,9 milyon tona çatdı. Xəzərin Azərbaycan sektorunda yeni dəniz neft-qaz kondensat yataqları - “Bahar” 1968, “Səngəçal-Duvannı-dəniz” 1969, “Bulla-dəniz” 1975-ci il yataqlarının açılışı və istismara başlanması reallaşdırıldı. Ötən əsrin 70-ci illərinin sonlarında Dərin Özüllər Zavodunun tikintisinə başlanıldı. Sonralar bu kompleks Xəzər dənizində dərin neft və qaz yataqlarının kəşfi üçün müasir dərin özüllər bloku istehsal etdi. Görülən işlərin, həyata keçirilən tədbirlərin sayəsində o illərdə neft hasilatı getdikcə artırdı.

Azərbaycanda 1970-1980-ci illərdə Xəzər dənizinin dərin sulu hissəsində, dərin qatlarda olan strukturlarda olan neft-qaz yataqlarının aşkar olunması və istismara başlanılması tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndər Heydər Əliyev Azərbaycandan gedəndən sonra bütün sahələrdə olduğu kimi, neft-qaz sahəsində də tənəzzül yavaş-yavaş özünü büruzə verməyə başlamışdı və 1990-cı illərin ərəfəsində artıq neft hasilatı ilə bağlı problemlər yaranmışdı. Müstəqilliyimizin ilk illərində bu problemlər daha da dərinləşmişdi. Yenə də dahi liderin Heydər Əliyev öz tarixi missiyasına qayıtdı, Azərbaycanı bu böyük bəlalardan qurtardı, Azərbaycana sabitlik gətirdi, Azərbaycan inkişaf yoluna qədəm qoydu. 1993-cü ildən başlayaraq Azərbaycan bu günə qədər yüksələn inkişaf yolu ilə gedir. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması bu sahədə dönüş yaratdı, Azərbaycanı dünyada tanımağa başladılar. Bu illərdə imzalanan müqavilələrdən biri də “Şahdəniz” müqaviləsi idi. 1996-cı ildə imzalanmış bu müqavilə indi Azərbaycanın və Avropanın enerji təhlükəsizliyini təmin edəcəkdir. İndi bizim dünyadakı rolumuz, gücümüz artır və bunun təməlində Heydər Əliyevin neft strategiyası dayanır...

“Şahdəniz” strukturunun öyrənilməsi, neftlilik-qazlılıq perspektivinin qiymətləndirilməsi tapşırığının yerinə yetirilməsində, alim və mütəxəssislərin o dövrdə bu problemin həllinə münasibəti indi də yadımdadır. Mənim də neftçi alim, istehsalatçı mühəndis kimi dərin qatlarda, yüksək termobarik şəraitdə neft-qaz yataqlarının yaranmasına dair tədqiqat işlərinin yerinə yetirilməsində zəhmətim olub. Tədqiqatçıların 1990-cı ildən etibarən öyrənilməsinə başladığı “Şahdəniz” sahəsinin geoloji tektonik quruluşunun dəqiqləşdirilməsi və neftlilik-qazlılıq perspektivinin qiymətləndirilməsi tədqiqatlarında yaxından iştirak etmişəm. 1993-cü ildən başlayaraq “Bahar”, “Bulla-dəniz”, “Şahdəniz” sahələrində, dərin qatlarda temperaturun və təzyiqin profil kəsilişləri üzrə paylanması qanunauyğunluğu öyrənilmiş və proqnoz xəritələr tərtib olunmuşdur. Perspektivli sahələrdə və öyrənilməmiş çöküntü kompleksində termobarik şəraitin proqnozlaşdırılması məqsədi ilə Cənubi Xəzərin kəşfiyyat sahələrində temperatur və təzyiqin paylanmasının əsas qanunauyğunluqlarının öyrənilməsi, Bakı, 1993, Fond Azərgeofizika ETİ, İnv. №1235 mövzusunda tədqiqat işi aparmışıq. Qurulmuş xəritədə “Şahdəniz”, “Bahar” və “Bulla-dəniz” sahəsində qaz kondensat ehtiyatının zəngin olduğu proqnozlaşdırılmış və sonrakı illərdə aparılan dəqiq tədqiqatlar bu proqnozu təsdiqləmişdir. Nəhayət, “Şahdəniz” yatağının 1999-cu ildə kəşf olunduğu rəsmi təsdiqləndi və bizim də zəhmətimiz öz bəhrəsini tapdı. Bu yatağın kəşfi dünya miqyasında Azərbaycanın neft-qaz potensialının çox zəngin olduğunu təsdiqləmiş oldu.

Prezident İlham Əliyev Azərbaycanda iki milyardıncı ton neftin hasil olunması münasibətilə keçirilən təntənəli tədbirdə “Şahdəniz” üzrə imzalanan müqavilənin əhəmiyyətini xüsusi qeyd edib və Ulu Öndərin əsasını qoyduğu neft strategiyasının həyata keçirilməsində onun rolunun çox mühüm olduğunu vurğulayıb.

2006-cı ilin payızında “Şahdəniz” yatağından ilk qaz alınmağa başlandı. Bu, “Şahdəniz” yatağına inamı olanların fikirlərinin təsdiqi idi. “Şahdəniz” qaz kondensatı yatağı Xəzərin Azərbaycana aid hissəsində yerləşən ən böyük qaz yatağıdır. İlkin qiymətləndirmə zamanı yataqda 400 milyard kubmetr qaz, 200 milyon ton qaz-kondensat və 100 milyon ton neft hasil edilməsi proqnozlaşdırılırdı. 2007-ci ilin sonlarında son axtarış-kəşfiyyat işlərinin nəticələri elan edildi və yataqdakı qaz ehtiyatının həcminin 1 trilyon kubmetrdən artıq olduğu aşkarlandı.

“Şahdəniz” yatağının birgə işlənilməsinə 1992-ci ildə başlanılsa da, yatağın istismarına dair saziş 1996-cı ilin 4 iyununda imzalanıb və bu saziş həmin ilin 17 oktyabrında Azərbaycan parlamenti - Milli Məclis tərəfindən bəyənilərək ratifikasiya edilib. “Şahdəniz” strukturunun birgə işlənilməsini nəzərdə tutan müqavilədə iştirak edən şirkətlər və onların payları aşağıdakı kimidir: “BP” (Böyük Britaniya) - 25,5%, “Statoyl” (Norveç) - 25,5%, SOCAR (Azərbaycan) - 10%, “OİEK” (İran) - 10%, “Totalfinaelf” (Fransa) - 10%, Rusiyanın “LUKoyl” və İtaliyanın “ACİP” neft şirkətlərinin müştərək yaratdıqları “LukAcip” - 10%, “TPAO” (Türkiyə) - 9%.

“Şahdəniz” yatağında qazanılan uğurları ulu öndər Heydər Əliyev çox yüksək qiymətləndirirdi və Azərbaycanın yeni neft strategiyası çərçivəsində imzalanan sayca üçüncu müqavilənin qısa bir vaxtdan sonra milli iqtisadiyyatın inkişafinda hiss ediləcək təsirə malik olacağını xüsusi qeyd edirdi.

“Şahdəniz”in istismarının indiki mərhələsində “Şahdəniz-2” layihəsinin əhatə dairəsi günü-gündən genişlənir. “Şahdəniz Mərhələ 2” və ya Yatağın Tammiqyaslı İşlənməsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq. Bu, hazırda dünyada ən iri layihələrdən biridir. Bu layihənin indi rəhbəri, ideoloqu möhtərəm Prezidentimiz İlham Əliyevdir.

Əvvəl də qeyd etdiyim kimi, ulu öndər Heydər Əliyevin şah əsərinin yeni mərhələsinin davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevdir. Nizami Gəncəvi “Leyli və Məcnun”u yazdı şöhrəti dünyaya yayıldı, sonra Məhəmməd Fizuli onu yenidən yazdı və yeni əsər bir daha şöhrət qazandı. İndi “Şahdəniz-2” layihəsinin ikinci mərhələsi cənab İlham Əliyevin yeni məzmunda “Şah əsəridir” və gələcəkdə “Şahdəniz-3” layihəsinin də olacağı Azərbaycana əbədi uğur gətirəcəkdir. Yeni mərhələdə boru kəmərinin və platformanın quraşdırılması işləri davam etdiriləcək, 2018-2027-ci ilə qədər qərb, cənub-şərq, cənub-qərb və şimal-şərq cinahlarında olan quyular mərhələlərlə tamamlanacaq və istismara veriləcək, Azərbaycan qazı dünyanın böyük bir hissəsində insanlara həyat verəcəkdir.

“Şahdəniz” yatağının işlənməsinin II mərhələsində ilk qazın hasilatına 2018-ci il sentyabrın 20-də başlanması gözlənilir. 2018-ci ildə hasil ediləcək qazın həcmi o qədər də çox olmayacaq. Lakin artıq 2019-cu il üçün bu yataqdan əlavə 2 mlrd. kubmetr qaz çıxarılması nəzərdə tutulub.

Bu nailiyyətlərin qazanılmasında Azərbaycan geofiziklərinin çox böyük rolu vardır. Son on ildə bu sahədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin xidmətləri olduqca çoxdur. On il əvvəl, mənim xatirimdədir, Geofizika və Geologiya İdarəsində keçirilən tədbirdə Rövnəq müəllimə müraciət edilərək yeni geofiziki cihazların alınmasının məqsədəuyğun olduğu qeyd edilmişdi. Rövnəq müəllim dedi: “Siz yazın, əsaslandırın, biz də alaq.” 2007-ci ildə bütün tələblər nəzərə alınaraq, geofiziki seysmik tədqiqatlar aparmaq üçün 3000 kanallı “İ/O SYSTEM FOUR” tipli seysmostansiya, avtomatik koordinat təyinetmə cihazları DGPS, GPS-5700 markalı baza qəbuledicisi və GPS-5800 markalı səyyar naviqasiya və koordinattəyinetmə avadanlığı, seysmik dalğa yaradan “AHV-IV” tipli titrədici qurğular, telemetrik cihaz və avadanlıqlar alındı. Dəniz seysmik işlərin aparılması üçün “ARAM ARIES” qeydedici seysmostansiyası, dənizdibi telemetrik kabellər, ümumi tutumu 19 litr olan “Sleeve Gun” pnevmomənbələr, digər cihaz və avadanlıqlar alındı. Dənizdə seysmik işlər aparan Geofizik-1  (dalğa mənbəyi və pingirləmə) və Geofizik -3  ETG-dən  (seysmik avadanlığın dənizin dibinə sərilməsi və seysmik yazıların qeydiyyatı), 2 ədəd kiçik həcmli qayıqlar (Arya tipli) və  onları daşımaq üçün 1 ədəd yedək gəmisindən istifadə yenidən quraşdırma işləri aparıldı. Gəmilərdə “Sonar” və “Exolot” avadanlıqları quraşdırıldı və dənizdibi relyefin öyrənilməsi cihazları yeniləndi. Şaquli seysmik profilləmə işləri aparmaq üçün “AMÜ-VSP-3-48-M” markalı ŞSP seysmostansiyası alındı. Bu cihaz və avadanlıqla yerinə yetirilən layihələrdə alınan seysmik məlumatların emalı və interpretasiyasını aparmaq üçün beynəlxalq standartlara uyğun hesablama mərkəzi yaradıldı. Hesablama mərkəzi müasir, iri tutumlu kompyuterlərlə və ən qabaqcıl proqramlarla təchiz olundu.

Azəbaycan geofizikləri Bakıdan 75 kilometr cənub-şərqdə, Xəzər dənizinin 170 metr dərinliyində “Ümid” və “Babək” strukturlarına dair seysmik materialları yenidən araşdırmış və bu strukturların çox perspektivli olduğunu təsdiqləmişlər. 1975-ci ildən istismar olunan “Bulla-dəniz” yatağı sahəsində seysmik tədqiqat işləri 2017-ci ildə təkrar aparılmış və yatağın gələcəkdə istismarı imkanları dəqiqləşdirilmişdir. Hazırda həm quru ərazilərdə, həm də dənizdə seysmik tədqiqat işləri davam etdirilir.

Geofiziklərin əldə etdikləri nailiyyətlər, Xəzərdə yeni neft-qaz yataqlarının axtarışı işləri yeni yataqların kəşfinə və ölkəmizin hələ bir müddət də qaz və neft hasil etməsinə imkan yaradacaqdır. Kəşf olunacaq yeni yataqlar neft və qaz hasilatının daha da artmasına təkan verəcəkdir.

Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir.

Beləliklə, ulu öndər Heydər Əliyevin neft strategiyası bu gün yeni istiqamətlərlə zənginləşdirilmişdir. Bu strategiya bu gün Azərbaycanın ümumi inkişafına çox böyük dəstək verir. Hazırda biz yeni layihələr üzərində işləyirik. Bildiyiniz kimi, “Cənub Qaz Dəhlizi” uğurla icra edilir. Bu da dünya miqyasında nəhəng layihədir. Sərmayə qoyuluşu 40 milyard dollara bərabərdir və bütün işlər qrafik üzrə gedir. “Şahdəniz-2” və Cənubi Qafqaz Kəməri demək olar ki, 100 faiz, TANAP 80 faizdən çox icra edilibdir. Beləliklə, biz “Cənub Qaz Dəhlizi” layihəsini də uğurla davam etdiririk.

Hümbət Vəliyev,

Geologiya-mineralogiya elmləri doktoru, faydalı qazıntıların
geofiziki axtarış üsulları ixtisası üzrə dosent-assistant professor