06 sentyabr 2018 22:44
2016

SOCAR: qlobal layihələrin təşəbbüskarı olan transmilli şirkət

Bu gün dünya enerji sektorunda layiqli yer tutan SOCAR xarici aləmdə ölkəmiz barədə yüksək təsəvvür yaradır, Azərbaycanın iqtisadi güc və qüdrətinin timsalına çevrilir. Güclü, modern, çevik və rəqabətədavamlı beynəlxalq qurum kimi fəaliyyətini durmadan genişləndirən SOCAR hazırda böyük enerji və biznes imkanları olan beynəlxalq şirkətlər sırasına daxil olaraq dünya enerji sektorunda özünə layiqli yer tutur. Uğurlu marketinq və koordinasiya işinin nəticəsidir ki, Şirkət dünyada baş verən qlobal maliyyə-iqtisadi böhranın nəticələrini müvəffəqiyyətlə dəf edərək, xarici ölkələrdə həyata keçirilən layihələrdə ciddi irəliləyişə nail olur. SOCAR-ın təsisçiliyi ilə fəaliyyətləri neft və qaz sənayesinin, demək olar ki, bütün sahələrini əhatə edən 36 birgə müəssisə, 6 alyans, xarici ölkələrdə törəmə şirkət və nümayəndəliklər yaradılmışdır. SOCAR və onun törəmə şirkətləri 15 ölkəni təmsil edən 23 şirkətlə imzalanmış 17 hasilatın pay bölgüsü sazişlərinin (HPBS) iştirakçısıdır. Bu sazişlərin podratçıları 1995-2016-cı illərdə ölkəmizin neft-qaz sektoruna, ümumilikdə, təxminən, 68,2 milyard ABŞ dolları məbləğində sərmayə qoymuşlar.

Bu gün dünyada ən iri neft-qaz şirkətləri sırasında olan SOCAR təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində fəaliyyətini uğurla davam etdirir. Şirkət Türkiyə, Gürcüstan, İsveçrə, Ukrayna, Rumıniya və Rusiya kimi ölkələrlə yanaşı, Yaxın və Uzaq Şərq ölkələrində də layihələr həyata keçirir. SOCAR ilk olaraq 2007-ci ildən Azərbaycanın hüdudlarından kənarda öz biznesini inkişaf etdirməyə başladı. Bu, Şirkətin qonşu Gürcüstan bazarlarına çıxışından sonra baş verdi. Burada SOCAR öz təbii qazının satışını həyata keçirdi. Daha sonra elə həmin bazarda  “SOCAR” brendi adı altında ilk yanacaqdoldurma məntəqələri də meydana gəldi. Şirkətin Gürcüstandakı fəaliyyətini “SOCAR Energy Georgia” MMC şirkəti həyata keçirir. Gürcüstanın ən böyük vergi ödəyicisi olan “SOCAR Energy Georgia” bu ölkədə neft məhsullarının və təbii qazın topdan və pərakəndə satışı ilə məşğuldur. Hazırda Tbilisi şəhəri istisna olmaqla, bütün Gürcüstan üzrə regional qaz distribusiya şəbəkəsinin 95 faizi SOCAR-ın nəzarətindədir və əhalinin, eləcə də sənayenin təbii qaza olan tələbatını tam təmin edir. SOCAR-ın Gürcüstan bazarında geniş yanacaqdoldurma məntəqəsi (YDM) şəbəkəsi də var. Hazıda Gürcüstanda “SOCAR” brendli YDM-lərin sayı 68-ə çatmışdır. “SOCAR Georgia Petroleum” MMC Gürcüstanın neft məhsullarının pərakəndə satış bazarının, təxminən, 25 faizini tutur. Lakin fəaliyyət bununla məhdudlaşmır. 2006-cı ilin sonunda Şirkət Gürcüstanın Kulevi yaşayış məntəqəsində yerləşən Qara Dəniz Neft Terminalını almışdır. Terminalın təyinatı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənilməsindən ibarətdir. Kulevi terminalının limanı iki tankerin (40 və 100 min tonluq) eyni zamanda qəbuluna və yüklənməsinə, dördxətli dəmir yol estakadası isə 168 sisternin boşaldılmasına imkan verir. Terminal Azərbaycan və Mərkəzi Asiyanın neft məhsullarının Gürcüstan ərazisindən Avropaya ixracını təmin edir və dünya bazarına neftin təhlükəsiz nəqlinin yeni alternativ yollarından biridir.

SOCAR-ın İsveçrədəki fəaliyyətini “SOCAR Trading” və “SOCAR Energy Switzerland” şirkətləri həyata keçirir. “SOCAR Trading” 2008-ci ildə Cenevrə şəhərində təsis edilib. Şirkət Azərbaycan mənşəli xam neftin və üçüncü tərəflərə məxsus neft və neft məhsullarının satışı ilə məşğuldur. “SOCAR Trading” Azərbaycan mənşəli xam neftin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Ceyhan limanına çatdırıldıqdan sonra dünya bazarına birbaşa SOCAR tərəfindən çıxararaq Azərbaycan neftindən gələn gəlirləri artırmaq, eyni zamanda, beynəlxalq bazarlarda üçüncü tərəfə məxsus neft və neft məhsullarının ticarəti ilə məşğul olaraq SOCAR-ın mənfəətini və Azərbaycanın dünyada təsir dairəsini artırmaq üçün yaradılıb. Əsas ofisləri Cenevrə (baş qərargah), Sinqapur, Dubay, London, Hyuston və Kalqari şəhərlərində yerləşir. “SOCAR Trading” “Azeri Light” neftini emal etməyə qadir olan dünyadakı bütün emal zavodları ilə əlaqələr yaradıb və Azərbaycan neftini ona rəqib aşağı kükürdlü xam neft ilə zəngin Aralıq dənizi ərazisindən uzaqlaşdıraraq Asiyaya yönləndirib və Azərbaycan xam neftinin qiymətinin artırılmasına nail olub. Şirkət Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra limanında neft terminalının və Maltada LNG terminalı layihələrində iştirak edərək öz beynəlxalq nüfuzunu artırıb. “SOCAR Energy Switzerland” İsveçrə bazarında neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğuldur. 2012-ci ildə SOCAR və “ExxonMobil” şirkətləri arasında imzalanan müqavilə əsasında “Esso Switzerland” şirkətinin aktivləri SOCAR-ın nəzarətinə keçib.

Gürcüstan və İsveçrədən başqa, SOCAR-ın Rumıniyadakı və Ukraynadakı törəmə şirkətləri neft məhsullarının pərakəndə və topdansatış seqmentlərində fəaliyyət göstərirlər. Rumıniyada neft məhsullarının alqı-satqısının təşkili və çoxsahəli nəqliyyat infrastrukturuna, beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 30 yanvar 2011-ci il tarixdə “SOCAR Petroleum SA Rumıniya” təsis edilib. Elə həmin vaxtdan da SOCAR brendi ilə kommersiya fəaliyyətinə başlayıb. 2011-ci ilin sentyabr ayından etibarən Şirkət Rumıniya əhalisini Avro-5 standartlarının tələblərinə uyğun yüksək keyfiyyətli neft məhsulları ilə təmin edir. “SOCAR Energy Ukrayna”nın da əsas fəaliyyəti Ukrayna ərazisində yanacaqdoldurma məntəqələri şəbəkəsini inkişaf etdirmək, benzin və neft məhsullarının topdan satışını təşkil etməkdir. 2009-cu ildə SOCAR Ukraynanın Odessa şəhərindən 5 km aralıda yerləşən, sahəsi 3,6 ha olan “Naftonreyd” neft bazasını əldə edib. Ümumi həcmi 15250 m3, illik dövriyyəsi 200 min m3 olan neft bazası neft məhsullarının saxlanması üçün nəzərdə tutulub.

Göründüyü kimi, ölkə sərhədlərindən kənarda önəmli layihələrdə iştirak etməklə SOCAR artıq transmilli şirkətə çevrilib. Yüksək rəqabətli bazarlarda uğurlu fəaliyyət Azərbaycana məxsus Şirkətin nüfuzunu və dəyərini artırır. Istər Gürcüstanda, istər Türkiyədə milyardlarla dollar sərmayə qoyuluşu bu ölkələrlə siyasi münasibətlərə də müsbət təsirini göstərir.

Sevinc Azadi, “İki sahil”