11 sentyabr 2018 14:48
1460

Daha bir quyuda qazma işləri başa çatıb

Qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron” Qazma Şirkəti tərəfindən təsis edilən “SOCAR AQŞ” “Qərbi Abşeron” yatağında daha bir quyuda qazma işlərini uğurla başa çatdırıb. “SOCAR AQŞ” 10 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 762 metr olan, sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyi olan 63 saylı quyunun tikintisi işlərini təhlükəsiz və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.

Əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarət olan müəssisə hazırda “Günəşli” yatağının 7 və 11, “Qərbi Abşeron” yatağının 10, “Ümid” yatağının 1 və “Bulla” yatağında 6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ) qazma işləri aparır.

Dəyərlərinə daim sadiq qalan “SOCAR AQŞ” həmişə olduğu kimi, bu və növbəti quyuları da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək.

Orxan Vahidoğlu,

“İki sahil”