13 sentyabr 2018 14:17
847

Regionların təbii qazla təchizatı uğurla icra edilir

Son illər respublikanın yaşayış məntəqələrində təbii qazın bərpası, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqlarının yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülüb.

2018-ci ildə də qaz təsərrüfatı infrastrukturunun genişləndirilməsi uğurla aparılır. Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası məqsədi ilə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir. “Azəriqaz” İB tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi, həmçinin kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün Birlik tərəfindən 2018-ci ilin yanvar-avqust ayları ərzində 2141,1km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 160,8 km qaz kəməri əsaslı təmir olunub. Cari il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Şəmkir, Ağcabədi, Bərdə, Şəki, Göyçay, İsmayıllı, Ucar, Xaçmaz, Beyləqan, Lerik, Sabirabad, Salyan, Cəlilabad və Masallı rayonları üzrə 43 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

“Mavi yanacaq”la təmin olunan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Qeyd etmək yerinə düşər ki, Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında indiyədək “mavi yanacaq” almayan yaşayış məntəqələrinin qazlaşdırılması məsələsinə də toxunulub. Dövlət başçısı ümumiyyətlə, cari ilin sonuna qədər ölkədə qazlaşdırmanın 95 faizə çatmasının qarşıya vəzifə kimi qoyulduğunu vurğulayıb və bu məqsədə nail olunacağına inamını bildirib. Təqdirəlayiq haldır ki, ilin sonuna hələ bir neçə ay qalsa da bu vəzifə artıq yerinə yetirilib. Başqa sözlə, hazırda Azərbaycanda qaz istehlakçısı olan abonentlərin sayı 2 milyon 140 minə çatıb.

Hazırda çətin relyefə malik ərazilərin qazlaşdırılması “Azəriqaz” İstehsalat Birliyinin qarşısında duran əsas hədəflərdəndir. Bu sırada Lahıcın “mavi yanacaq” alması mühüm yer tutur. Qəsəbəyə qaz 19 kilometr kənardakı qazpaylayıcı məntəqədən çəkilib. Lahıc qəsəbəsinin və Lahıc xətti boyunca Qaraqaya, Namazgah, Gəndov kəndlərinin qazlaşdırılması istiqamətində ümumilikdə 899 dəst qaz sayğacı və fərdi qaz tənzimləyici quraşdırılıb, həmçinin polietilen və metal borulardan ibarət 19 495 metr müxtəlif diametrli daşıyıcı qaz kəməri, 59 786 metr metal borularla isə qəsəbədaxili və mənzildaxili qaz xətləri çəkilib. 

Avqustun 26-da ölkə Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində iştirak ediblər. Ölkə başçısı çıxış edərək bildirib ki, Lahıc qəsəbəsinə təbii qazın çəkilişi də tarixi layihədir: “Siz yaxşı bilirsiniz ki, qaz xətlərini çəkmək çox çətin məsələdir, həm maliyyə baxımından, həm texniki baxımdan. Ancaq Lahıcın Azərbaycanda xüsusi yerini nəzərə alaraq, biz bu böyük layihəni də icra etdik. İndi biz təbii qazın verilməsini sizinlə birlikdə qeyd edəcəyik.”

Ölkə əhalisinin təbii qazla təmin olunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində sentyabr ayının əvvəllərindən  Cəlilabad rayonunun Cəlayir, Ağsu rayonunun Nuran, Beyləqan rayonunun Əmirzeyidli, Quba rayonunun Güneyməhəllə və Ərməki, Şabran rayonunun Qorğan  kəndlərinə və Lənkəran rayonunun Haftoni qəsəbəsinə təbii qaz verilib.

Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev cari ilin martın 5-də “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, 2018-ci ilin sonuna kimi ölkədə qazlaşma səviyyəsinin 95 faizə çatdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə SOCAR-a 100 milyon manat ayrılıb. Ölkə başçısının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə bu il üçün 100 milyon manat vəsait ayıraraq, qazlaşdırma səviyyəsinin 93 faizdən 95 faizə çatdırılması haqqında verdiyi tapşırıq vaxtında və yüksək keyfiyyətlə icra olunacaq. 

Orxan Vahidoğlu, “İki sahil”