Şamaxı rayonunun iki kəndinə təbii qaz verilib.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən (İB) AZƏRTAC-a bildirilib ki, İB tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi həmçinin kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq sentyabrın 13-də Şamaxı rayonunun Ovçulu və Bağırlı kəndlərinə təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olub. Bu məqsədlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Bildirilib ki, 200 abonenti olan Ovçulu kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 11 min 106 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. 490 abonenti Bağırlı kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 5 min 853 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 23 min 831 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Yeni qazlaşdırılan kəndlərdə qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Hazırda rayonun Osmanbəyli, Qonaqkənd və Hacıqədirli kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.
Sakinlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.