Ötən il sentyabrın 14-də Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» yataqlarının və «Günəşli»(AÇG) yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi müqaviləsinin müddətinin 2050-ci ilə qədər uzadılması Azərbaycan üçün iqtisadi-siyasi cəhətdən çox vacib hadisə idi. Müqavilə bu neft yataqlarının uzun müddət birgə işlənməsini nəzərdə tutur. Burada əsas şərtlərdən biri SOCAR-ın pay faizinin artması ilə bağlıdır. Əgər SOCAR-ın 1994-cü ildə imzalanan müqavilədə payı 11,6% idisə, müqavilədən sonra bu rəqəm 25% təşkil edəcək. Bundan əlavə, müqavilədə SOCAR-a 3.6 milyard dollar bonus verilməsi də öz əksini tapıb.
Ən başlıcası isə odur ki, yenilənmiş müqavilənin 1994-cü ildə imzalanmış müqavilədən əsas üstünlüyü SOCAR-ın payının xeyli yüksək olmasıdır. 1994-cü ildə müqavilə imzalananda siyasi şəraitdən asılı olaraq Azərbaycan müəyyən güzəştlərə getməyə məcbur olmuşdu. Lakin indi Azərbaycan artıq özü bəzi məsələləri diktə edir və ölkəmizə sərmayə qoymaq imkanları xeyli genişlənib. Bu cür müqavilələr dövlətimizin müstəqil iqtisadi siyasət yeritməsinin və güclənməsinin bariz göstəricisidir. 2017-ci il ölkə iqtisadiyyatının aparıcı sahəsi sayılan neft sənayesi üçün həm də onunla uğurlu olmuşdur ki, ölkəmizin neft hasilatına başladığı gündən bu indiyədək 2 milyardıncı ton neft çıxarılmışdır.
Təbii ki, Azərbaycanın iqtisadi inkişafının prioritet məqsədi neft gəlirlərindən səmərəli istifadədir. Xüsusilə vətəndaşların sosial rifah halını yüksəldilməsi əsas məsələdir. Qeyd olunmalıdır ki, Prezident İlham Əliyevin hümanistliyinin nəticəsidir ki, hər il büdcəmizin qəbulunda onun sosialyönümlüyü daha çox qabardılır. Eyni zamanda, ötən illərdə həyata keçirilən tədbirlər hesabına ölkəmizdə beynəlxalq standartlara uyğun sosial müdafiə modeli təşəkkül tapmışdır. Yəni 2004-2018-cu illərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş büdcə xərcləri 9 dəfə, orta aylıq əməkhaqqı 5 dəfə, əhalinin gəlirləri 5,4 dəfə, minimum pensiya 7 dəfə, minimum əməkhaqqı 8 dəfə artmışdır. Yoxsulluq səviyyəsi 5 dəfədən çox azalaraq 4,2 faizə enmişdir.
Digər qürürverici məqam isə odur ki, qlobal böhran şəraitində Azərbaycanın əldə etdiyi nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənmiş və BMT-nin İnsan İnkişafına dair növbəti hesabatında 169 ölkə arasında Azərbaycanın 65-ci yer tutmuş və «orta insan inkişafı ölkələri» qrupunu tərk edərək «yüksək insan inkişafı ölkələri» qrupuna daxil olmuşdur.
Qeyd edək ki, hər il dövlət büdcəsində yaranan bir neçə milyard manatadək profisitin Milli Məclisdə müzakirəyə çıxarılaraq əmək haqlarının və pensiyaların artırılmasına yönəldilməsi faktı ölkə əhalisinin sosial rifahının ildən-ilə yüksəlişinin göstəricisidir.
Bütün bu qeyd etdiklərimiz və 2017-ci ilin uğurlu yekunları hətta 2018-ci ildə də inkişaf meyillərinin ardıcıl şəkildə davam etdiyini göstərir. Belə ki, 2018-ci ildə 50 milyard manatdan çox olacağı gözlənilir. Artıq ölkəmizdə orta aylıq əməkhaqqı 580 manat təşkil edir.
Burada bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan dövləti neft ölkələrinə xas olan bəzi iqtisadi problemlərdən- «Holland sindromundan» (ölkədə neft sənayesinin inkişafı ilə bağlı digər sənaye sahələrinin geriləməsi) və «Nigeriya variantı»dan (neftdən gələn böyük həcmdə pulların səmərəsiz layihələrə yönəldilərək mənimsənilməsi) yan keçməyi bacardı. Ümumiyyətlə, ölkəmizdə neft gəlirlərindən səmərəli istifadə dövlətin prioritet hesab etdiyi məsələdir. Xüsusən, neft tükənən məhsul olduğu üçün ondan əldə edilən mövcud gəlirlərlə perspektiv layihələr həyata keçirmək, yeni iqtisadi potensialların üzə çıxmasına şərait yaratmaq əhəmiyyətli amildir. Elə bu amili vaxtında dəyərləndirməyi bacaran ölkə başçısı Ilham Əliyev son 15 ildə 30-dan çox əhəmiyyətli Dövlət proqramlarına imza atıb. Eyni zamanda həmin proqramlar uğurla icra olunub.
Prezidentin neft gəlirlərinidən səmərəli və şəffaf şəkildə istifadəni nəzərdə tutan real addımlar atması öz bəhrəsini verməkdədir. Belə ki, ölkədə insan kapitalını artırmaq, onun əqli bacarığından ciddi bəhrələnmək Azərbaycan hökumətinin qarşısında bir vəzifə kimi qoyulub. Məhz həmin vəzifənin sürətlə reallaşması üçün Azərbaycanda orta və ali məktəblər tədris binalarının tikintisi, onların maddi- texniki bazasının möhkəmləndirilməsi sürətlə davam etdirilir. Həmçinin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almağa göndərilən gənclərin sayı durmadan artır və hökumət bu proqramın icrası üçün Dövlət Neft Fondundan milyonlarla manat vəsait ayırıb.
Neftdən gələn gəlirlərlə paytaxtımızm abadlaşdırılması və ölkə üçün önəmli olanyol- nəqliyyat sisteminin də inkişafı da təmin edilir. Avtomobil tıxaclarının aradan qaldırılması üçün onlarla iri həcmli körpünün, piyadalar üçün bir neçə yeraltı keçidin tikintisi, dairəvi yolun çəkilməsi, dəniz limanının şəhərin mərkəzindən çıxarılması və onun yenidən qurulması, paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması, kommunikasiya xətlərinin yeniləşdirilməsi və sair işlərin görülməsi dövlətimizin etibarlı gələcəyini təmin etməkdir.
Müasir informasiya-kommunikasiya texnologiyaları istehsalına və ağır sənayeyə sahib olanlar dünyanın ən varlı və inkişaf etmiş ölkələri hesab edilirlər. Artıq dünyada kompyüterləşmənin və proqramlaşmaların strateji məhsul kimi daimi artan alıcıları var. İnkişaf etmiş ölkələrdə milli məhsulların təxminən70-75 faizi insan kapitalının payına düşür. Yaponiya, ABŞ, Almaniya, Cənubi Koreya və digər bir neçə ölkənin insan kaptialına önəm verməsinin nəticəsi isə belədir: onlar dünyanın ən inkişaf etmiş ölkələridir və dünya həmin ölkələrin məhsullarının davamlı alıcılarına çevrilib.
Neft gəlirlərinin daha bir perspektiv layihəyə xərclənməsi isə Azərbaycanın sənayeləşməsi proqramı ilə başlayır. Bu istiqamətdə də Dövlət Proqramı mövcuddur və yaxın 5 il ərzində ölkəmizdə sənayeləşmə tam oturuşmuş bir sahə olacaq. Həmin Dövlət Proqramlarında ilkin mərhələdə sənaye şəhərlərinin salınması və bunun üçün ilkin maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmuşdu ki, artıq bu istiqamətdə uğurlu nəticələr mövcuddur. Burada ağır sənayenin, xüsusilə avtomobil sənayesinin, o cümlədən hərbi sənayenin inkişafı gerçəkləşir.
Prezident İlham Əliyev həm də regionların inkişafına xidmət edən kompleks tədbirlərin işlənib hazırlanması və uğurla həyata keçirilməsini məhsuldar layihə kimi irəli sürüb. Məhz 2000-ci ildən sonra respublikada müşahidə olunan dinamik iqtisadi inkişaf Bakıda və bir sıra iri şəhərlərdə qabarıq nəzərə çarpsa da bölgələrdə bu prosesin ləng getməsi regional tarazlığı pozmuşdu. Bu baxımdan, dövlət başçısının müxtəlif zamanlarda (2004 və 2009-cu, 2014-cü illərdə) Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair imzaladığı Dövlət proqramları miqyas və əhəmiyyətinə görə böyük idi. Həmin proqramların böyük ictimai maraq kəsb etməsi və ölkənin sosial-iqtisadi həyatında əlamətdar hadisə kimi dəyərləndirilməsi nəhəng işlərin 14 il ərzində həyata keçirilməsi deməkdir.
Proqramların imzalanmasından ötən müddətdə ölkəmizin iqtisadi və sosial həyatında nəhəng dəyişikliklər baş verdi. Bu muddət ərzində 1 milyon 700 mindən artıq yeni iş yerləri açıldı, Sahibkarlığa Kömək Milli Fondu tərəfındən verilən kreditlərin həcmi 400 milyon manatadan çox oldu. İrili-xırdalı 18 minədək yeni istehsalat və emal müəssisələri açıldı. Proqramın hümanitar dəyəri ondadır ki, regionlarda yaşayan vətəndaşlarm zəruri arzu və istəkləri, eləcə də onları illərdən bəri narahat edən, qayğılandıran problemlərin həlli qarşıya dövlət vəzifəsi kimi qoyuldu. Məqsəd isə regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi resurslardan kifayət qədər səmərəli istifadə edərək iqtisadiyyatın dinamik inkişafına, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına nail olundu.
Elçin Zaman, «İki sahil»