14 sentyabr 2018 14:37
829

Abonentlərin sayı 2 milyon 149 min 772-yə çatıb

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 149 min 772-yə çatıb.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən (İB) bildirilib ki, bu ilin yanvar-avqust ayları ərzində İB-də əhali sektoru üzrə 55 min 689 yeni abonent qeydiyyata alınıb. Bunun 34 min 2-si Bakı, Abşeron və Sumqayıt, 21 min 687-i isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması ilə bağlıdır.

Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 149 min 772-yə çatıb.