Ağcabədi rayonunun təbii qazla təmin edilən yaşayış məntəqələrinin sırasına Bilağan kəndi də əlavə olunub. 165 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 1690 metr polietilen və uzunluğu 9599 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kəndə təbii qazın verilməsi münasibətlə keçirilən tədbirdə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Çıxış edənlər sakinləri təbrik edib, həyata keçirilən layihələrdən, əhalinin sosial rifah halının yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar.
Bildirilib ki, Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə tikinti-quraşdırma işləri yekunlaşdırılıb. Qəsəbəyə tezliklə təbii qazın verilişi təmin ediləcək.
Mərasimdə çıxış edən sakinlər əhalinin sosial qayğılarının həllinə göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda rəmzi məşəl alovlandırılıb, yaşayış məntəqəsinə “mavi yanacaq” verilib.