Məlumdur ki, ABŞ çox geniş təbii qaz kəmərləri şəbəkəsinə malikdir. Amerika Qaz Assosiasiyasının məlumatına görə, ölkə boyunca uzanan kəmərlərin uzunluğu 2,5 milyon mildən artıqdır və kompleks təzyiqli bir sistemdə qurulub. Lakin bu kəmərlərin çoxu artıq köhnəlib. Kəmərlərin avadanlıqlarının çox hissəsi təhlükəsizliyin təmin edilməsi məqsədilə dəyişdirilməlidir.
Ölkənin Kəmərlərin və Təhlükəli Materialların Təhlükəsizliyi Administrasiyasının açıqladığı statistikaya əsasən, son iyirmi ildə təbii qaz kəmərlərində baş verən qəzalar nəticəsində 300-dən artıq ölüm, 1200-dən artıq yaralanma halı qeydə alınıb.
Xatırladaq ki, son günlər Bostonun şimalında çoxsaylı odlu-alovlu qaz partlayışları bir yeniyetmənin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələndi. Ərazidə onlarla ev dağılaraq xarabalığa çevrildi. Hazırda qəza ilə bağlı ABŞ Milli Transportasiya Təhlükəsizliyi Təşkilatı araşdırmalar aparır.
Qaz kəmərlərində tez-tez baş verən partlayışları nəzərə alan bu təşkilat hələ 2011-ci ildən sənaye rəsmilərini köhnəlmiş kəmərləri yeniləməyə, xüsusilə yüksək riskə malik tökmə və qaynaq edilmiş poladdan olan kəmərləri dəyişməyə səsləyir.
ABŞ-da ölkə üzrə 177 milyondan artıq insan məişətdə qazdan istifadə edir. Ötən həftə partlayış baş verən kəmərlər “NİSource”un qolu olan “Columbia Gas” şirkətinə məxsusdur, “NİSource” ABŞ-ın şərq ştatlarında 3,4 milyon istehlakçıya xidmət edir.
Oxşar partlayışlar daha əvvəllər də baş verib. Fevralda Dallasda 12 yaşlı qızın ölümü, üç evin uçması ilə nəticələnən partlayışın səbəbi araşdırılarkən məlum olmuşdu ki, hadisə yerinə yaxın boruların bir neçə hissəsi quraşdırılarkən təzyiq sınaqlarından keçirilməyib.
Nyu-Yorkda, Kaliforniya, Pensilvaniya və digər ştatlarda belə dağıdıcı partlayışlar olub.
“Morningstar” Araşdırma Mərkəzinin analitiki Çarlz Fişmen boruların tezliklə müəyyən növ polad və ya plastik materiallı borularla əvəzlənməyəcəyi təqdirdə belə fəlakətlərin daha da artacağını bildirib.
? Nubar Süleymanova, “İki sahil”