21 sentyabr 2018 18:32
3574

Qazmada tətbiq edilən müasir texnologiyalar, əldə olunan yüksək göstəricilər…

SOCAR qazma prosesində ən müasir və qabaqcıl texnologiyaların, yüksək texniki göstəricilərə malik avadanlıqların tətbiqinə xüsusi önəm verməkdədir. Qazmada böyük qazma sürətinin əldə olunması, quyuların daha keyfiyyətli və ucuz başa gəlməsi məqsədilə istifadə olunan texniki vasitələrin müasirləşdirilməsi, yeni və mütərəqqi texnologiyaların tətbiqi davam etdirilir. Qazmada yüksək texniki-iqtisadi göstəricilərin əldə olunması üçün mənəvi və fiziki cəhətdən köhnəlmiş qazma qurğularının müasir ZJ markalı qazma qurğuları ilə əvəz olunması prosesi davam etdirilir. Dərin quyuların qazılmasında yeni növ qazma qurğularından istifadə yeni texnika və texnologiyanın, telemetrik sistemin, eləcə də yeni tipli qazma məhlullarının tətbiqinə şərait yaradır ki, bu da öz növbəsində bir sıra qəza və mürəkkəbləşmələrin qarşısını alır.

SOCAR-ın uğurlu fəaliyyətini əks etdirən məqamlardan biri kimi “Bulla-dəniz” yatağında vacib əhəmiyyətli 122 saylı özüldə layihə dərinliyi 6200 metr olan 123 nömrəli quyunun layihədə nəzərdə tutulan qazma müddətindən əvvəl qazılaraq istismara təhvil verilməsini qeyd edə bilərik. 2018-ci ilin birinci yarısında bu yataqda, 122 saylı özüldən əlavə quyunun və 6 saylı SDÖ-dən layihə dərinliyi 6200 metr olan növbəti quyunun qazılması davam etdirilir. “Bulla-dəniz” yatağında növbəti 12 saylı özüldən ilk quyunun qazılması işlərinə başlanılması üçün hazırlıq işləri yekunlaşmaq üzrədir. Yerli mütəxəssislər “Qərbi Abşeron” yatağında yerləşən 54 saylı özüldən, horizontal quyularda açıq lüləyə hazır süzgəc buraxılması kimi yeni texnologiyadan istifadə etməklə qazma işlərini davam etdirirlər.

Hazırda neft və qaz hasilatının artırılması və stabil saxlanılması məqsədilə tədbirlər davam etdirilir. Belə ki, yeni stasionar dəniz özüllərinin işlənməkdə olan yataqlarda istismara daxil edilməsi və mövcud özüllərin, estakadayanı meydançaların genişləndirilməsi və yenidən qurulması, işlənməkdə olan yataqlarda yeni quyuların qazılaraq istismar fonduna daxil edilməsi, yeni texnologiyalar hesabına mövcud yataqlarda neft veriminin artırılması üzrə kompleks tədbirlərin genişləndirilməsi hesabına hasilatın intensivləşdirilməsi, əsaslı və yeraltı təmirlər aparılmaqla fəaliyyətsiz fonddan quyuların fəaliyyətdə olan fonda keçirilməsi istiqamətində tədbirlər həyata keçirilir.