27 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycan ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurlarını yaşayır. 1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan Hasilatın Pay Bölgüsü Sazişinin imzalanması ilk dəfə Xəzər dənizini xarici sərmayələrə açdı və ölkəmizin davamlı inkişafını təmin etdi. 24 il əvvəl reallaşan bu hadisə Azərbaycanın qədim neft ölkəsi kimi şöhrətini özünə qaytardı, tariximizdə yeni dövrün başlanğıcını qoydu. Ümummilli lider Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli Fərmanı ilə hər il bu tarix ölkəmizdə «Neftçilər Günü» kimi qeyd edilir.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının son 15 ildə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir, müasir və mütərəqqi texnologiyaların tətbiqi şəraitində davamlı inkişaf təmin olunur.
Bu reallığı da əminliklə deyə bilərik ki, enerji strategiyası ölkənin karbohidrogen resurslarından bütün dünyada sülh və əmin-amanlıq, qarşılıqlı iqtisadi mənfəət məqsədləri ilə istifadə olunmasına yönəlmiş inkişaf və tərəqqi konsepsiyası olmaqla məqsədyönlü fəaliyyətin təntənəsidir. Enerji sahəsində təşəbbüslərimiz, dəstəklədiyimiz nəhəng enerji layihələri dünyada enerji təhlükəsizliyi məsələsinə əvəzsiz töhfədir. Cari ili avqustun 12-də Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanması isə mühüm geosiyasi və iqtisadi əhəmiyyət daşımaqla Xəzəryanı ölkələr arasında enerji sahəsində səmərəli əməkdaşlıq üçün yeni imkanlar açır.