2013-2018-ci illəri əhatə edən dövrdən sonra gələcəkdə heç bir geosiyasi fors-major hadisəsi baş verməyəcəyi təqdirdə, 2020-ci ildə neft qiymətlərinin nisbətən düşməsi gözlənilir. Belə ki, ABŞ şist neftinin hasilatını genişləndirəcək, çünki neftin bir barrelinin qeyd olunan qiymət dəhlizi artıq ABŞ üçün yüksək dərəcədə rentabellidir. OPEC hasilatçıları isə İrana qoyulan sanksiyalar səbəbindən yaranan çatışmazlığı doldurmaq üçün kvotalarını yüksəltməyə başlayacaqlar. Beynəlxalq Enerji Agentliyinin (BEA) aylıq hesabatında qeyd olunub ki, bu ilin 6 ayı ilə müqayisədə 2019-cu ilin I yarısında neftə olan gündəlik tələbat 1,2 mln. barrel artacaq. Agentliyin mütəxəssisləri hesab edirlər ki, may ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində neft ehtiyatları 13,9 mln. barrel artaraq 2 mlrd. 840 mln. barrelə yüksəlib. Bu, 2017-ci ilin iyul ayından bəri aylıq üçüncü artımdır. Bununla belə may ayının sonuna təşkilata üzv ölkələrin neft ehtiyatları 5 illik orta göstəricidən 23 mln. barrel azdır. Lakin bu proqnozlarla yanaşı, hazırda dünya bazarlarında xam neftə olan qiymət məzənnəsinin 70-80 dollar/barrel dəhlizində inkişaf etdirilməsi ölkəmizin iqtisadiyyatına yaxın zamanda öz müsbət təsirini göstərəcəkdir. Eyni zamanda, bu amil ölkənin və SOCAR-ın son illərdə aşağı düşmüş kredit reytinqinin qalxmasına xidmət edəcəkdir. Hazırda Şirkətin reytinq proqnozu Azərbaycanın suveren reytinqi ilə eyni səviyyədədir. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2018-ci ilin fevral ayında SOCARın emitentin uzunmüddətli defolt reytinqini “BB ”, qısamüddətli defolt reytinqini “B” və təminatsız reytinqini “B” səviyyəsində təsdiqləmişdir. “Fitch”, həmçinin həmin tarixə dərc olunmuş rəsmi hesabatında SOCAR-ın bütün reytinq kateqoriyaları üzrə “neqativ” proqnozunu sildiyini və Azərbaycanın suveren reytinqi üzrə proqnozu – “stabil” ilə eyniləşdirdiyini bildirib.
