Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan 282 mln. 794,13 min ABŞ dolları dəyərində 548024,03 ton neft məhsulları ixrac edib. Bu, həcm baxımından 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 167799,39 ton və ya 44,13 % çoxdur. 2018-ci ilin yanvar-may aylarında neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 3,26 %-ni təşkil edib. Eyni zamanda, bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan 6 mlrd. 945 mln. 438,31 min dollar dəyərində 13 mln. 564 min 784,04 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib. Bu, həcm baxımından 2017-ci ilin 6 ayı ilə müqayisədə 3 mln. 857 min 609,68 ton və ya 39,74% çoxdur. Beləliklə, 2018-ci ilin yanvarmay aylarında xam neftin ixracı Azərbaycanın ümumi ixracının 72,87 faizini təşkil edib. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan 570 mln.337,12 min ABŞ dolları dəyərində 3 mlrd. 101 mln. 025,02 min kubmetr təbii qaz ixrac edib. Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 6 ayı ilə müqayisədə 79 mln.622 min kubmetr və ya 2,5 faiz azdır. 2018-ci ilin yanvariyun aylarında təbii qazın ixracı Azərbaycanın ümumi ixracının 6,58 faizini təşkil edib. Azərbaycanın neft-qaz sektoru ölkə iqtisadiyyatının vacib hissəsini təşkil edir. 2017-ci ilin yekunlarına uyğun Azərbaycanın neft-qaz sektoru ölkənin ÜDM-nin formalaşmasında təxminən 43 faiz iştirak payına malikdir və Azərbaycana xarici valyutada daxil olan gəlirlərin əksər hissəsini təşkil edir. 2018-ci ildə qazın tədarükü ilə də bağlı mühüm hadisələr baş verib. Xəzər dənizindən Avropaya «Cənub Qaz Dəhlizi»ni təşviq etmək üçün yeni bir mərhələ dövrü Avropa enerji nazirləri və tədarükçü ölkələrin rəsmiləri ilə fevral ayındakı görüş və Türkiyə daxilində Trans-Anadolu Boru Kəmərinin (TANAP) iyun ayındakı açılış mərasimi ilə başladı. Dəhlizin tədarükü üçün ilk və indiyə qədər yeganə mənbə olan Azərbaycandakı «Şahdəniz 2» layihəsi üzrə iyun ayında qaz hasilatına başlanılmış və 2021-2022-ci illərədək bu yataqdan təbii qazın hasilatı ən yüksək həcminə -16 milyard kubmetrədək çatacaq. «Cənub Qaz Dəhlizi» vasitəsilə illik nəql edilən təbii qazın 6 mliyard kubmetr həcmi Türkiyə enerji bazarına, qalan 10 milyard kubmetr həcmi isə (tikilməkdə olan Trans-Adriatik Boru Kəməri (TAP) xətti ilə) Avropa Birliyi ölkələrinə çatdırılacaq. Onu da xüsusi qeyd etmək istərdik ki, “Cənub Qaz Dəhlizi” layihəsi üzrə həm Avropa Birliyinin, Avropa Komissiyasının, həm də ABŞ-ın Dövlət Departamentinin və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) güclü dəstəyi bildirilib. SOCAR-ın «Cənub Qaz Dəhlizi» strateji layihəsinin əsas iştirakçısı olduğunu və bu layihə üzrə ölkəmizdə hasil edilən təbii qazın CQD-nin tərkibində olan TAP magistral boru kəməri vasitəsilə 2021-ci ildən sonra Avropa Birliyi ölkələrinə ixrac olunacağını nəzərə alaraq Avropanın enerji bazarlarında təbii qazın tədarükü üzrə gedən proseslər SOCAR tərəfindən diqqətlə izlənilir