21 sentyabr 2018 21:12
2584

Asudə vaxtın təşkili, aztəminatlı ailələrə dəstək

Ötən dövr ərzində respublikanın istirahət zonalarında, ümumilikdə, 1357 nəfərə yaxın neftçinin və onların ailə üzvlərinin istirahəti təşkil olunub. Müalicəyə ehtiyacı olan 1303 neftçi istirahət və sanator-kurort müalicə mərkəzlərinə göndərilib, Naftalan şəhərində 3124 nəfərə yaxın işçinin müalicəsi təmin olunub.

“Maddi yardım verilməsi haqqında Əsasnamə”yə uyğun işçilərə maddi yardım verilməsi davam etdirilib, şəhid ailələrinin və müharibə əlillərinin sosial qayğıları daim diqqət mərkəzində saxlanılıb. Əvvəlki illərdə Xəzər dənizində baş vermiş təbii fəlakət nəticəsində sağ qalmış, həlak olmuş və ya itkin düşmüş şəxslərin sosial məsələləri ilə əlaqədar müvafiq tədbirlər görülüb. Həlak olmuş 24 nəfərin və itkin düşmüş 19 nəfərin ailələrinin sosial dayanıqlığının möhkəmləndirilməsi məqsədilə “SOCAR-ın işçilərinə maddi yardım verilməsi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq 24 nəfər neftçinin 56 nəfər azyaşlı uşaqlarını himayə edən ailə üzvünə 18 və ya əyani qaydada təhsil alırsa 23 yaşına çatanadək hər bir uşaq üçün onların çalışdıqları müəssisə tərəfindən ayda minimum əmək haqqının 2,5 misli həcmində maddi yardım verilməsi təmin edilib, mənzil növbəsində olan işçilərin mənzillərinin dəyərinin ödənilməsi SOCAR tərəfindən həyata keçirilib. Həlak olmuş və ya itkin düşmüş şəxslərin banklara olan borcları, müraciətlərə uyğun olaraq övladlarının təhsil haqlarının ödənilməsi SOCAR-ın vəsaiti hesabına həll edilib, onların ailələrində yaranmış maddi vəziyyətin yaxşılaşdırılması üçün maddi yardımlar olunub və həmin ailələrin sosial qayğıları SOCAR-ın daim nəzarətində saxlanılır.

İtkin düşmüş və həlak olmuş işçilərin ailə üzvlərinin sosial durumunu yaxşılaşdırmaq məqsədi ilə onların ailə üzvlərindən bir nəfərin (həyat yoldaşı və ya övladı) ixtisas (peşə) və iş təcrübəsinə uyğun SOCAR-ın müəssisə və təşkilatlarında müstəsna hal kimi müsabiqə proseduru tətbiq edilmədən müvafiq qaydada işlə təmin olunması nəzərdə tutulmuş və bununla əlaqədar itkin düşmüş və həlak olmuş işçilərin ailə üzvlərindən 26 nəfər ailə üzvlərinin müraciətinə uyğun olaraq SOCAR-da işlə təmin olunub.