SOCAR-ın «Azərikimya» İstehsalat Birliyində (İB) 20 sentyabr – Azərbaycan neftçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib. Kimyaçılar öncə ulu öndər Heydər Əliyevin Sumqayıt şəhərindəki abidəsini ziyarət edib önünə təzə-tər gül dəstələri düzüblər. Sonra tədbir Birliyin akt zalında davam etdirilib.
Tədbirdə çıxış edən natiqlər qeyd ediblər ki, hazırda «Azərikimya» İstehsalat Birliyi ölkə Prezidentinin diqqət və qayğısı sayəsində özünün yeni inkişaf mərhələsini yaşayır. Azərbaycanın bügünkü yüksəlişini layiqincə qiymətləndirən və bu yüksəlişin daha geniş vüsət almasını sürətləndirməyi vacib sayan ölkə başçısının imzaladığı müvafiq Sərəncam sənayenin neft və neft-kimya sahələrinin vahid bir struktur daxilində daha səmərəli fəaliyyət göstərməsi və yüksək nailiyyətlər qazanmaları üçün yeni perspektivlər açıb. İqtisadiyyatımızın daha da gücləndirilməsi, diversifikasiya imkanlarının artırılması sayəsində ölkəmizin dünyanın qabaqcıl dövlələri sırasına çıxması istiqamətində aparılan məqsədyönlü iqtisadi siyasətin məntiqi nəticəsi olaraq respublikamızın neft-kimya sənayesində mühüm irəliləyişlər dövrü başlanıb.
Vurğulanıb ki, ötən dövr ərzində SOCAR-ın dəstəyi ilə «Azərikimya»nın texniki bazasının gücləndirilməsi, Etilen-polietilen zavodunda məhsul istehsalının artımına, keyfiyyətin yüksəldilməsinə hesablanmış yenidənqurma, əsaslı təmir və modernləşmə işləri, yeni qurğuların tikintisi və yeni avadanlıqların quraşdırılması, kimyaçıların iş və məişət şəraitinin yaxşılaşdırılması və s. tədbirlər «Azərikimya» İB-də həm istehsalat, həm də insan amili baxımından yeni bir canlanmaya və yüksəlişə səbəb olub. «Azərikimya» İB-nin 2019-cu ilə qədərki hədəfi mövcud istehsalatların modernizasiyası və rekonstruksiyası, yeni istehsalat qurğularının və köməkçi istehsalatların tikintisi ilə Sumqayıt Kimya Sənaye Parkında «SOCAR-Polymer» layihəsi çərçivəsində tikilən Polipropilen və yüksək sıxlıqlı Polietilen istehsalatlarını tələb olunan miqdarda və keyfiyyətdə xammalla təmin edilməsinə və «EP-300» istehsalatının effektivliyinin artırılmasına yönəldilib.
Tədbirdə «Azərikimya» İB-nin baş direktoru İmran Arzumanzadə artıq 9 ildir ki, boyük neftçilər ailəsi ilə birgə peşə bayramlarını qeyd edən kimyaçıları bu əlamətdar gün münasibətilə təbrik edib, respublikamızın regionun ən qüdrətli dövlətlərindən birinə çevrilməsində, iqtisadi inkişaf tempinə görə dünyada öncül bir mövqeyə çıxmasında Azərbaycan neftçilərinin böyük əməyi, müstəsna xidmətləri olduğunu dilə gətirib. Təşəkkür və qürur hissi ilə qeyd olunub ki, Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə «Azərfikimya» İstehsalat Birliyinin bir əməkdaşı 3-cü dərəcəli «Əmək» ordeni, 3 nəfəri isə «Tərəqqi» medalı ilə təltif olunub. Bundan əlavə, SOCAR prezidenti Rövnəq Abdullayevin müvafiq əmrinə əsasən respublikamızın neft, qaz və kimya sənayesinin inkişafındakı xidmətlərinə görə bir qrup əməkdaş «Fəxri neftçi» döş nişanı ilə təltif olunub ki, onların da arasında 6 nəfər kimyaçı var. Bir nəfər əməkdaşımız isə «İlin ən yaxşı kimyaçısı» adına layiq görülüb.
Tədbirin sonunda «Azərikimya» İB tərəfindən təltif olunmuş 25 nəfər kimyaçıya – Etilen-polietilen zavodunun, Təmir-tikinti idarəsinin və Birliyin idarəetmə aparatının əməkdaşlarına fəxri fərman və pul mükafatları təqdim olunub.
Tədbir müddətində «Azərikimya» İB-də həyata keçirilən yenidənqurma işləri, qazanılan texniki nailiyyətlər, əməkçilərin istehsalat fəaliyyəti, onların ildən-ilə yaxşılaşmaqda olan sosial-mədəni həyatı dolğunluğu ilə foto-slaydlar vasitəsilə tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Orxan Vahidoğlu, «İki sahil»