27 sentyabr 2018 16:02
1744

Saatlının daha bir kəndi təbii qazla təmin olunub

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında müəyyən edilən tədbirlərə müvafiq olaraq SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Saatlının Məzrəli kəndinə ilk dəfə təbii qaz verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 223 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün ümumi uzunluğu 16221 metr olan metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, hər bir abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Kəndə “mavi yanacağ”ın verilməsi münasibətilə keçirilən mərasimdə son illər rayonda həyata keçirilən irimiqyaslı layihələrdən söz açılıb, kəndlərə təbii qazın verilməsi regionların sosial inkişafına yönələn dövlət siyasətinin real nəticəsi kimi dəyərləndirilib. Bildirilib ki, Məzrəli kəndi də daxil olmaqla, son iki ildə rayonun 44 yaşayış məntəqəsindən 33-nə təbii qaz verilib. Hazırda rayonun Azadkənd kəndində tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda bu kəndə də təbii qaz veriləcək. Bununla da rayonda qazla təmin olunan yaşayış məntəqələrin sayı 34-ə çatacaq.

Mərasimdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinin “mavi yanacaq”la təmin edilməsinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda kəndə təbii qazın verilməsini bildirən rəmzi məşəl yandırılıb.