28 sentyabr 2018 16:16
1755

Neftçalanın Cəngan kəndi təbii qazla təmin olunub

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində SOCAR-ın ''Azəriqaz'' İstehsalat Birliyi tərəfindən Neftçalanın Cəngan kəndinə ilk dəfə təbii qaz verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda rayonun 52 yaşayış məntəqəsindən 31-də təbii yanacaqdan istifadə olunur. Cəngan kəndi rayonun “mavi yanacaq”la təmin olunan 32-ci kəndidir. 407 nəfər əhalinin yaşadığı kəndin qazlaşdırılması üçün ümumi uzunluğu 12656 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 108 evə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edənlər kənd sakinlərini təbrik edib, rayonun qəsəbə və kəndlərinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar.

Mərasimdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə minnətdarlıqlarını bildiriblər.

Sonda kəndə təbii qazın verilməsini bildirən rəmzi məşəl yandırılıb.