02 oktyabr 2018 14:20
4349

Yeni bitum qurğusunun inşası başa çatıb

Bu gün SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda çox böyük işlər görülür. Belə ki, yaxın gələcəkdə müəssisədə yenidənqurma, modernizasiya  işləri aparmaqla, irili-xırdalı 14 müasir texnoloji qurğu inşa ediləcəkdir. Qeyd olunan tədbirlərdən biri keçmiş “Azərneftyağ” NEZ-in strukturunda məhsuldarlığı 250 min ton/il olan bitumun alınması qurğusunun demontajı və Heydər Əliyev adına NEZ-də ölkədaxili tələbata uyğun məhsuldarlığı 400 min ton/il olan Yeni bitumun alınması qurğusunun inşasıdır. 2016-cı ilin sentyabrında təməlqoyma mərasimində ölkə Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi bu qurğunun inşası böyük vüsətlə davam etdirilmişdir.

Bu günlərdə aparılan Yenidənqurma və modernizasiya layihəsinin ilkin mərhələsi çərçivəsində yeni Bitum qurğusunun inşası başa çatmışdır.  Məlum olduğu kimi 2016-cı ildə bu qurğunun inşası məqsədilə detallı layihələndirmə, satınalma və tikintinin idarə edilməsi işlərinin həyata keçirilməsi üçün bu sahədə qabaqcıl təcrübəyə malik Avstriyanın “Poerner” şirkəti ilə Heydər Əliyev adına NEZ arasında müvafiq müqavilə imzalanıb. 2017-ci ilin aprel ayından tikinti podratçısı “Azfen” BM  tərəfindən ərazidə yeni Bitum qurğusunun inşasına başlanmış, tikintisinə 400 nəfər yerli işçi və mütəxəssisin  cəlb olunduğu qurğu işlərin layihə qrafikinə uyğun - 18 ay müddətinə inşa edilərək başa çatdırılmışdır. Bu qurğuda “EN 40/60” markalı yol bitumu istehsal ediləcək. Yeni bitum istehsalı qurğusunun inşası Heydər Əliyev adına NEZ-də aparılacaq yenidənqurma tədbirlərinin ilkin mərhələsi olacaq.

Yeni bitum istehsalı qurğusunun inşası ilə keçmiş “Azərneftyağ” neft emalı zavodunun mövcud infrastrukturu tamamilə istismardan çıxarılacaq, dənizkənarı ərazilər boşaldılaraq “Ağ şəhər” layihəsinin reallaşdırılması üçün təhvil veriləcək. Bundan əlavə, Heydər Əliyev adına NEZ-in istismar xərcləri optimallaşdırılacaq və ölkə yüksək keyfiyyətli neft bitumu ilə təmin ediləcək. Bakı şəhərində ekoloji durumun yaxşılaşdırılmasına və ümumilikdə ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək.

75 nəfərin işlə təmin olunacağı yeni Bitum istehsalı qurğusu beynəlxalq standartların tələblərinə cavab verən müasir avadanlıqlarla təchiz olunmuşdur. Ərazidə tikinti-quraşdırma işləri tikinti norma və qaydalarına, beynəlxalq və yerli standartların tələblərinə uyğun tam təhlükəsiz şəraitdə həyata keçirilmişdir.

Bitum istehsalı sahəsində “Azfen” şirkəti tikinti-quraşdırma işlərinin başa çatmasına dair toplantı keçirib. Toplantıda SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, emal üzrə vitse-prezidenti David Məmmədov, Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayilov, “Azfen” şirkətinin baş direktoru Həmid Həsənov, “Poerner” şirkətinin və hər iki qurumun rəhbər nümayəndələri, eləcə də inşaatçılar iştirak ediblər. Açılış zamanı yeni bitum qurğusunun illik istehsal gücü 400 min ton olaraq qurğuda “EN 40/60” markalı yüksək keyfiyyətli yol bitumu istehsal olunacağı haqqında geniş məlumat verən SOCAR və NEZ rəhbərliyi bu işdə əməyi keçən hər kəsə öz təşəkkürlərini bildiriblər. Eləcə də çıxışlarda əməyin təhlükəsizliyi sahəsində 4 milyon 400 min işlənmiş adam saatları sayının əks etdirilməsi, zavodun istismar xərclərinin optimallaşdırılması, nəticədə Bakı şəhərində ekoloji durumun yaxşılaşdırılmasına və ümumilikdə ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək kimi də məlumatlar dinlənilmişdir.

O cümlədən sentyabrın 28-də Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayılov zavodun rəhbər işçiləri və yeni təşkil olunan bitum istehsalı üzrə 21A N-li sahənin işçi personalı ilə birlikdə inşası başa çatmış yeni bitum qurğusunda görüş keçirmişdir. Görüşdə qurğunun gələcəkdə işçi tərkib hissəsi ilə  tanış olunduqdan sonra qurğu sahəsinə, çənlər sahəsinə, inzibati binaya, transformator yarımstansiyasına və dispetçer otaqlarına, tərəzi binasına baxış keçirilmişdir. Habelə, onlar yeni tikilməkdə olan Maye qazdoldurma stansiyası və onun inzibati binasında olaraq, bəzi  işlərin tam və qismən yekunlaşması barəsində məlumat almışlar.

Rəşad Hüseyn,

Zavodun Modernizasiya və yenidənqurma
işləri üzrə texniki nəzarət və əlaqələndirmə şöbəsinin böyük mühəndisi