Səudiyyə Ərəbistanının yüksək səviyyəli nümayəndə heyəti Pakistana səfər edib. Altı günlük səfər müddətində beş anlaşma memorandumunun imzalanacağı gözlənilir. Bunlardan biri neft məhsullarının satışı ilə bağlıdır.
Xatırladaq ki, bir həftə öncə İslamabad Riyadı 50 milyard dollarlıq “CPEC” layihəsində strateji əməkşdaşlığa dəvət etmişdi.
“İki sahil”in “devdiscourse.com” saytına istinadən yaydığı xəbərə görə, görüş zamanı strateji əhəmiyyətli Quadar limanında neft emalı müəssisəsi tikintisinin perspektivləri də müzakirə olunacaq.
Bundan başqa, nümayəndə heyəti iki mayeləşdirilmiş təbii qaz enerji stansiyasını özəlləşdirmək və Pakistana fosfat tərkibli gübrə satışı ilə bağlı sazişlər də imzalayacaq.
Qeyd edək ki, Pakistan və Səudiyyə Ərəbistanı bu yaxınlarda Pakistana iri sərmayənin gətirilməsi ilə bağlı üç müqavilə imzalamışdı. Sentyabrın 20-də Pakistanın İnformasiya Nazirliyi Səudiyyə Ərəbistanının “CPEC” layihəsi üzrə ölkənin yeni strateji tərəfdaşı olacağını açıqlamışdı.
“CPEC” (Çin-Pakistan İqtisadi Korridoru) layihəsi milyardlarla dollar dəyəri olan “Kəmər və Yol” təşəbbüsünün başlıca layihəsidir. Layihə Çinin maliyyələşdirdiyi infrastruktur layihələrlə Pekinin dünyadakı nüfuzunu yüksəltmək məqsədi daşıyır.