04 oktyabr 2018 22:24
2953

TANAP gələn il TAP-a birləşmək üçün hazır olacaq

Bu gün böyük enerji ixracatçısına çevrilmiş Azərbaycanda hasil olunan karbohidrogen ehtiyatları neft-qaz boru kəmərləri, terminallar və dəmir yolu vasitəsilə Avropa və dünya bazarlarına çatdırılır. Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası ilbəil daha da sürətlənir, ölkəmiz dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Son illərdə öz geosiyasi və iqtisadi əhəmiyyəti ilə seçilən TANAP, TAP kimi iri transmilli layihələrin reallaşdırılması, Azərbaycanın söz sahibinə çevrilməsi və əhəmiyyətli paya malik olması, «Şahdəniz-2» layihəsinin reallaşdırılması bir tərəfdən Azərbaycanın vacib iqtisadi və enerji tərəfdaşı kimi dünyada mövqelərini möhkəmləndirirsə, digər tərəfdən gələcəkdə qaz ixracı hesabına da böyük gəlirlər əldə edəcəyinə təminat verir.

2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər vilayətində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi. TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı «Şahdəniz-2» yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. «Cənub Qaz Dəhlizi»nin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. TANAP layihəsi təbii qazın «Şahdəniz», eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi, iyunun 30-da başlayıb. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz nəql olunacaq. Daha sonrakı üç il ərzində bu həcm 6 milyard kubmetrə çatdırılacaq. Ümumilikdə isə kəmərin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Mərasimdə çıxış edən Azərbaycan Prezidenti bildirib ki, TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür: «TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur.»

TANAP layihəsinə bir çox aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən maliyyə dəstəyi göstərilib. Layihə üzrə kapital xərcləri 8 milyard dollardır. İndiyədək TANAP layihəsinə 5,6 milyard dollar xərclənib. Avqustun əvvəlində Avropa İttifaqı TANAP layihəsinə qrant ayırıb. Avropa Komissiyasının qitənin bir neçə mühüm enerji infrastrukturu layihəsinə «CEF Energy» (Connecting Europe Facility) proqramı çərçivəsində ümumilikdə 48,4 milyon avro dəyərində qrantın ayrılmasına dair təklifini Avropa İttifaqı müsbət cavablandırıb. Qərara görə, «Cənub Qaz Dəhlizi»nin tərkib hissəsi olan TANAP layihəsinə «Boru kəmərinin katod mühafizəsinin quraşdırılmasının yoxlanılması və infrastrukturda remodifikasiya işləri ilə əlaqədar çertyoj və diaqramların yenilənməsi» sahəsində iş həcmlərinə ümumilikdə 5 milyon 44 min 394 avro qrant ayrılıb. İyulda isə Dünya Bankının Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (MIGA) TANAP boru kəməri layihəsinin maliyyələşdirilməsi üçün 1,1 milyard dollarlıq zəmanət verib. 15 illik zəmanət «Cənub Qaz Dəhlizi» QSC ilə «AKA Bank», «Citi», «Crédit Agricole» CIB, «ING», «LBBW», «Santander and Société Générale» bankaları ilə imzalanan kredit müqavilələrini əhatə edir. «Cənub Qaz Dəhlizi» QSC TANAP layihəsində əsas səhmdarıdır və Azərbaycanın maraqlarını qoruyur.

«SOCAR Turkey Enerji A.Ş.»nin baş direktoru Zaur Qəhrəmanov mətbuata açıqlamasında bildirib ki, Trans-Anadolu (TANAP) boru kəməri ilə bu vaxtadək Türkiyəyə təqribən 400 milyon kubmetr Azərbaycan təbii qazı nəql olunub: «İyun ayında TANAP-ın Əskişəhərə qədər olan hissəsi istifadəyə verilib. Boru kəməri ilə indiyə qədər Türkiyəyə təxminən 400 milyon kubmetr qaz daşınıb. Bu həcm dekabrın sonuna kimi 1 milyard kubmetrə çatacaq. TANAP-la 2019-cu il ərzində 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə daşınacaq. TANAP-ın ikinci fazası üzrə tikinti işlərinin 97 faizi başa çatıb. Boru kəməri gələn ilin birinci yarısında Trans-Adriatik (TAP) qaz boru kəmərinə birləşmək üçün hazır olacaq.»

Orxan Vahidoğlu,

«İki sahil»