10 oktyabr 2018 16:42
3297

Siyəzənin Qozağacı kəndi ilk dəfə təbii qazla təmin olunub

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Siyəzən rayonunun Qozağacı kəndinin qazlaşdırılması işi başa çatdırılaraq, abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, oktyabrın 10-da Qorğan kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə kənd sakinlərini təbrik ediblər. Bildirilib ki, Qozağacı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 16 min 558 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Bununla yanaşı, kənddəki 65 abonent üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında birpilləli tənzimləmə sisteminin tətbiqi hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Çıxışlarda rayonun yaşayış məntəqələrinin, xüsusən də dağ kəndlərinin “mavi yanacaq”la təminatı vətəndaşlarla yanaşı, təbiətə, ətraf mühitə qayğı kimi qiymətləndirilib.

Mərasimdə çıxış edən kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra məşəl alovlandırılıb və kəndə təbii qaz verilib.