Polşanın ən böyük neft emalı müəssisəsi “PKN Orlen” ilk dəfə Nigeriyadan gətirilən xam neftlə dolu gəmini qəbul edəcək. Gəmi oktyabrın ortalarında Polşaya çatacaq. Polşa neft idxalını diversifikasiyalaşdırmaq, Rusiya neftindən asılılığı azaltmaq niyyətindədir.
“PKN Orlen” hazırda Nigeriya neftini özünün yeni təchizat mənbəyi hesab edir. İlk neft gəmisinin gəlişi uğurlu olarsa, bundan sonra Nigeriya bizim ən uyğun variantımıza çevriləcək”,-deyə Daniel Obajtek “Röyters” agentliyinə bildirib.
Xatırladaq ki, son illər Polşa Rusiya neftindən asılılığı azaltmağa can atır. Polşa mərkəzi bankının məlumatına görə, ötən il ölkəyə gətirilən Rusiya neftinin həcmi ən aşağı həddə salınsa da, Polşaya başqa ölkələrdən neft idxalı daha baha başa gəlmişdi.
“PKN Orlen” 2016-cı ildə Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti ilə illik olaraq avtomatik yenilənən uzunmüddətli müqavilə imzaladı və bununla da “Saudi Aramco” Baltik neft bazarına daxil oldu.
Polşanın digər emal müəssisəsi olan “Lotos” 2017-ci ilin dekabrında “Gdansk” zavodunun neftlə təmin olunması məqsədilə ABŞ şirkətlərindən biri ilə müqavilə imzalamışdı. ABŞ gəmiləri cari ildən ölkəyə neft daşıyacaqlar.
Obajtek, həmçinin Rusiyanın Ural neftinin keyfiyyətinin son vaxtlar aşağı düşməsinin “PKN” müəssisəsinin özünə yeni idxal mənbələri axtarmasına səbəb olduğunu vurğulayıb.