12 oktyabr 2018 16:48
1999

İran öz neftini enerji birjasında satacaq

İran öz neftini enerji birjasında satacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə İran Milli Neft Şirkəti məlumat yayıb.

Bildirilir ki, şirkət oktyabrın 22-dək İran Beynəlxalq Enerji Birjası vasitəsilə 1 milyon barrel xam neft satacaq. Enerji birjası vasitəsilə neft satışı üzrə ödənişlərin 20 faizi rial, 80 faizi isə digər valyuta növləri ilə həyata keçiriləcək. Neftin ən az 5 min ton və ya 35 min barrel olaraq satılacağı qeyd edilib.

İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei çıxışlarının birində ABŞ-ın sanksiyalarından ötəri neft satışında dəyişiklik ediləcəyini və özəl sektorun bu sahədə əsas rol oynamasının vacibliyini qeyd edib.

ABŞ noyabrın 5-dən etibarən İrana qarşı ikinci sanksiya paketini tətbiq etməyə başlayacaq. Birləşmiş Ştatlar İran Milli Neft Şirkətinə, İran Neft Ticarət Şirkətinə və Milli Tanker Şirkətinə sanksiyalar tətbiq etməyə hazırlaşır.