20 oktyabr 2018 16:46
939

Əfqanıstanda parlament seçkiləri keçirilir

Əfqanıstanda Xalq palatasına (parlamentin aşağı palatası) seçkilər yüksək təhlükəsizlik tədbirləri şəraitində keçirilir. Səsvermə günü seçicilərin təhlükəsizliyinin təmin olunmasına 50 min polis və hərbçi cəlb edilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, oktyabrın 20-də yerli vaxtla saat 07:00-da ölkənin 34 əyalətindən 32-də 5 mindən çox səsvermə məntəqəsi açılıb. Qəndəhar və Qəzni regionlarında isə təhlükəsizlik səbəbindən seçkilər təxirə salınıb. “Taliban” hərəkatının oktyabr seçkilərini pozacağı barədə təhdidləri fonunda güc strukturları yüksək döyüş hazırlığı səviyyəsinə gətirilib.
Səsverməyə qədər bir neçə terror hücumu nəticəsində 100-dən çox insan, o cümlədən deputatlığa 10 namizəd həlak olub.
Əfqanıstanın Müstəqil Seçki Komissiyasının məlumatına əsasən, ölkədə 8,8 milyon seçici siyahıya salınıb. Ali qanunverici orqanın 249 yerlik aşağı palatasına üzvlük uğrunda 2,7 min namizəd mübarizə aparır. Seçkilərə yerli hüquq-müdafiə təşkilatları, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən BMT-dən 234 min müşahidəçi nəzarət edir.
Qeyd edək ki, ölkədə qeyri-sabitlik səbəbindən iki illiyə təxirə salınmış parlament seçkiləri bu il oktyabrın 20-nə, prezident seçkiləri isə 2019-cu il aprelin 20-nə təyin olunub. Əfqanıstan parlamentinə seçkilər sonuncu dəfə 2010-cu ildə keçirilib.
ABŞ hökumətinin Əfqanıstanda bərpa məsələləri üzrə xüsusi baş inspektorunun ofisinin məruzəsinə əsasən, ölkə ərazisinin təxminən 14 faizinə “Taliban” hərəkatı nəzarət edir, mübahisəli ərazilər isə 30 faizə çatıb. BMT-nin Əfqanıstan üzrə missiyasının məlumatına görə, 2018-ci ildə terror aktları və hücumlar nəticəsində ölkədə 1692 nəfər həlak olub, 3340 nəfər isə xəsarət alıb.