Sudan 2023-cü ildən etibarən xam neft ixrac etməyi hədəfə alıb. Xarici şirkətləri ölkəyə sərmayə yatırmağa səsləyən Sudan hökuməti tezliklə “Qırmızı dəniz” emal zavoduna 6 milyard vəsait ayırmaq niyyətindədir.
“Biz ilk öncə gündəlik 110 min barellə ixraca başlamaq, sonra tədricən hədəfimizi yüksəltmək istəyirik”,-deyə ölkənin enerji naziri Azari Abdalla açıqlayıb.
2006-2007-ci illərdə Sudanın gündəlik hasilatı ən pik həddə, 476 min barelə çatmışdı. Lakin 2011-ci ildə Cənubi Sudanın ayrılması və ölkənin məhsuldar yataqlarının dörddə üçünün Cənubi Sudana keçməsi hasilatın düşməsinə səbəb oldu. O vaxtdan gündəlik hasilat 77 min barel civarındadır.
Bu Afrika ölkəsinin yerli istehlakı isə hazırda təxminən 150 min barel təşkil edir. Sudan iki-üç ilə öz-özünü enerji ilə təmin etməyə müvəffəq olacaq.