16 noyabr 2018 14:46
2299

Teoxarus kimilər Avropanın imicinə böyük zərbə vururlar

Bütün istiqamətlərdə Azərbaycan qarşısında məğlub duruma düşən Ermənistanın müxtəlif dövlətlərdə fəaliyyət göstərən lobbisi indi də maliyyə qarşılığında bəzi avropalı ayağısürüşkən siyasətçiləri ələ alaraq onların işğal edilmiş Dağlıq Qarabağa səfərlərini təşkil edirlər. Son vaxtlar müntəzəm xarakter daşıyan bu səfərlər əslində Ermənistan dövləti və onun lobbisinin qarşısına qoyduğu yeganə hədəfə çatmağa hesablanıb. Diqqət çəksək görərik ki, erməni lobbisi son vaxtlar daha çox parlamentariləri öz tərəflərinə çəkməyə cəhd edirlər. Xüsusilə Avropa Parlamentinin bir sıra ölkələrdən olan üzvlərini. Bunlardan biri də Avropa Parlamentinin üzvü Eleni Teoxarusdur ki, o da erməni lobbisinin qəpik-quruşuna tamah salaraq qanunsuz işlərə əl atır. Məhz bu qanunsuz, hüquqi əsaslara sığmayan addımları ilə o, Albaniya hökuməti tərəfindən arzuolunmaz şəxs kimi elan olunub.

Milli Məclisin deputatı Elman Məmmədov “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki,  Dağlıq Qarabağa qanunsuz səfərlərin qarşısı yalnız torpaqlarımız işğaldan azad edildikdən sonra alına bilər. Hazırda torpaqlarımızın 20 faizi düşmən işğalında olduğu üçün Azərbaycan bu ərazilərə qanunsuz səfər edənləri cəzalandırmaqdan başqa heç nə edə bilmir: “E.Teoxarus məhz elələrindəndir ki, o da ölkəmizin qanunlarını pozur, beynəlxalq hüquq normalarına əməl etmir. “Azərbaycanın “Dövlət sərhədi haqqında” qanunu var və bu qanuna görə, ərazilərimizə qanunsuz səfər edənlər cəzalandırılmalıdır. Hazırda əsas problem həmin şəxslərin Azərbaycana təhvil verilməsidir. Təbii ki, belə məqamlarda Azərbaycan Baş Prokurorluğu həmin ölkələrə müvafiq sənədlər hazırlayıb göndərir ki, həmin şəxsləri bizə təhvil versinlər.  Azərbayanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edən mülki və siyasi şəxslər diqqətli olmalıdırlar. Onlar bu addımı atmadan öncə Lapşin məsələsini yada salmalıdırlar.  Əks halda  onlardan da sərhədlərimizin pozmalarının niyəsi soruşulacaq”.

E.Məmmədov onu da bildirdi ki, E.Teoxarus ədalətli, vicdanlı, dürüst adam olsaydı, Albaniya onu arzuolunmaz şəxs elan etməzdi: “Albaniyanın bu addımı düzgün və əsaslıdır. Albaniyanın bu addımı həm də erməni diasporunun iflasını göstərir. Bununla da hadisələrin gedişi onu göstərir ki, getdikcə dünya ədalətin bərpası istiqamətində qətiyyətli addımlar atır. Azərbaycan suveren bir dövlətdir. Azərbaycanın dünya səviyyəsində nüfuzu var. Bu da Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir ki, bu gün dünya ölkələri Azərbaycanın haqq səsinə səs verir”.

Avropa Parlamentinin Kipr Respublikasından olan üzvü Eleni Teoxarusun öz ölkəsində şübhəli fəaliyyətli və qalmaqallı siyasətçi kimi tanındığını qeyd edən politoloq Yeganə Hacıyeva isə bildirdi ki, ölkəsində seçki kampaniyaları zamanı rəqiblərinin ona qarşı irəli sürdükləri ittihamlardan biri də formalaşdırdığı siyasi partiyaların maliyyə qaynaqlarının şəffaf olmamasıdır: “Ölkəsində seçki debatlarında dəfələrlə partiyası və kampaniyasının maliyyə qaynağının elan edilməsi tələb olunsa da, E.Teoxarus bunu etməmişdir. Avropa Parlamentində Xalq Partiyası Fraksiyasının üzvü olan Eleni Teoxarus qondarma qurumlarla “əməkdaşlıq” və sifarişli spiker təcrübəsi ilə məşhurdur. Digər tərəfdən bu xanım milli və irqi zəmində ziddiyyəti ifadələrinə görə Avropa Parlamentinin müxtəlif proqramlarından dəfələrlə diskvalifikasiya edilmiş bir şəxsdir. Bunu da məsəl çəkə bilərəm ki, bu ayın əvvəllərində Albaniya dövlətinin ərazi bütövlüyünü şübhə altına alan ifadələrinə görə o, arzuedilməz şəxs elan edilərək, ölkəyə girişinə qadağa qoymuşdur. Göründüyü kimi, belə qalmaqallı və sifarişli bir avroparlamentarinin Dağlıq Qarabağa səfəri heç də təəccüblü deyil”.

Politoloq onu da qeyd etdi ki, bu xanım Avropa Parlamentinin müxtəlif lobbi qruplarının təsiri altında atdığı antiazərbaycan addımlarında həmişə proseslərin önündə olur və xüsusi canfəşanlığı ilə seçilir: “Avropa Parlamentində reqlament qaydaları və üzvlərin məsuliyyəti öhdəliyi mövcuddur və zaman-zaman Avropa Parlamenti reqlament qaydalarına əsasən bu və ya diğər üzvləri cəzalandırır, səsvermə hüququndan müvəqqəti də olsa məhrum edir və s. Digər tərəfdən Avropa Parlamenti ATƏT coğrafiyasında fəaliyyət göstərən bir qurumdur və deməli, fəaliyyəti ATƏT-in Helsinki Yekun Aktının prinsiplərinə hörmət əsasında qurmaq, bu prinsiplərə əməl etmək, bu prinsipləri təşviq etmək öhdəliyi mövcuddur. Nəzərə alsaq ki, Avropa Parlamenti Avropa Birliyinin icraçı siyasi institutlarından biridir və hazırda Azərbaycanla AB arasında sazişin imzalanması üçün intensiv danışıqların getdiyi bir vaxtda AP-nin müxəlif lobbi qruplarının təsiri altında üzvlərinin belə səfərlər etməsi və bu səfərlərin yaratdığı qıcığın fonunda münasibətlərin korlanmasını arzu edən qüvvələrin uğursuz cəhdlərindən biridir”.

Mənsumə Babayeva, “İki sahil”