14 noyabr 2025 22:36
132

Kiçik toxunuşların böyük gücü - MÜSAHİBƏ

Hər bir şagirdin həyatına az da olsa təsir etmək, onun düşüncə və bacarıqlarını inkişaf etdirmək müəllim üçün ən böyük uğurdur

Müəllimlik hər bir cəmiyyətin gələcəyini formalaşdıran, insan həyatında əvəzolunmaz rola malik müqəddəs peşədir. Bu peşə səbir, diqqət və yaradıcılıq tələb edir. Hər bir dərs, hər bir sual və hər bir uğur müəllimin zəhmətinin, qayğısının və fədakarlığının nəticəsidir. Müəllim yalnız dərs deyən şəxs deyil, həm də şagirdin düşüncəsini inkişaf etdirən, onları tənqidi və analitik düşünməyə təşviq edən mentor, həm də cəmiyyət üçün aparıcı qüvvədir.  Müsahibimiz Xətai rayonundakı İlham Məmmədov adına 261 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi Nəzakət Əbdürrəhimova da məhz belə pedaqoqlardandır. Söhbətimiz əsnasında onun müəllimlik yolundan, uğurlarından, pedaqoji fəlsəfəsindən  və gələcək hədəflərindən bəhs etdik.

-Əvvəlcə, sizi tanıyaq…

- 1998-ci ildə Oğuz rayonunun Xaçmaz kəndindəki Vüqar İbrahimov adına 2 nömrəli orta məktəbi fərqlənmə attestatı ilə bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinə qəbul olunmuşam. 2002-ci ildə universiteti fərqlənmə diplomu ilə başa vuraraq riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlamışam.

2016-cı ildə müəllimlərin işə qəbulu imtahanında iştirak edərək 55 bal toplamışam. Hazırda Bakı şəhəri, 261 nömrəli məktəb-liseydə riyaziyyat müəllimi kimi fəaliyyət göstərirəm. 2024-cü ildə keçirilən müəllimlərin sertifikasiya imtahanında isə 89 bal (test mərhələsində 54 bal, müsahibə mərhələsində 35 bal) toplayaraq yüksək nəticəyə nail olmuşam.

Bundan əlavə, Elm və Təhsil Nazirliyinin riyaziyyat fənni üzrə dərsliklərin qiymətləndirilməsi prosesində ekspert, həmçinin Dövlət İmtahan Mərkəzində buraxılış və qəbul imtahanlarının qiymətləndirilməsində marker  (Buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə materiallarını yoxlayan və  qiymətləndirən  mütəxəssis) kimi fəaliyyət göstərirəm. Elm və Təhsil Nazirliyinin təşkil etdiyi beynəlxalq təlimlərdə iştirak etmiş, bu təlimlərdə əldə etdiyim bilik və təcrübələri pedaqoji fəaliyyətimdə uğurla tətbiq etmişəm. Pedaqoji fəaliyyətimdə göstərdiyim səmərə, şagirdlərin inkişafına verdiyim töhfə və fənn üzrə peşəkarlığımın nəticəsi olaraq

Elm və Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşam.

-Niyə məhz müəllimlik?

-Mən müəllimlik peşəsini seçərkən bu qərarda ailəmin, xüsusilə valideynlərimin böyük rolu olmuşdur. Bizim nəsildə elmə, savada və müəllimə hörmət yüksək qiymətləndirilirdi. Anam, babalarım, bibilərim və xalalarım da müəllim olublar bu da mənim peşə seçimimə təsir göstərmişdir.

- İlk dərs gününüzü necə xatırlayırsınız?

- Təyinatımı başa vurduğum orta məktəbə vermişdilər və bir vaxtlar mənə dərs deyən müəllimlərin yanında işləmək mənim üçün həm qürur, həm də böyük həyəcan mənbəyi idi. Həmin müəllimlər yalnız riyaziyyatı öyrətməklə kifayətlənmirdilər, həm də məni müəllimlik peşəsinin məsuliyyətinə və incəliklərinə hazırlayırdılar. Bütün bu məqamlar məni həm həyəcanlı, həm qürurlu, həm həvəsli, həm də məsuliyyətli olmağa sövq edirdi.

-Fəaliyyətiniz dövründə hansı çətinliklərlə qarşılaşmısınız?

-Ən böyük çətinliklərdən biri şagirdlərin riyaziyyatı yalnız əzbərləmə vasitəsi kimi görmək vərdişi ilə mübarizə aparmaqdır. Riyaziyyat düşünmək üçündür, cavab tapmaq üçün yox. Uşaqlara bu fərqi izah etmək bəzən illər tələb edir. Lakin nəticədə onların məntiqi düşünmə bacarıqlarının inkişaf etdiyini görmək müəllimə böyük məmnuniyyət verir.

-Deyirsiniz ki, 2016-cı ildə müəllimlərin işə qəbulu imtahanında 55 bal, 2024-cü ildə isə sertifikasiya imtahanında 89 bal topladınız. Bu imtahanlara hazırlaşarkən hansı metodlardan istifadə etdiniz və yüksək nəticəyə çatmaq üçün hansı strategiyalar tətbiq etdiniz?

-İmtahanlara hazırlaşarkən hər şeyi planlı şəkildə həyata keçirirəm. 5–11-ci siniflərdə dərs dediyim üçün daim axtarışdayam, yeni tədris mənbələrini araşdırıram, mövzuları təkrar edir, testlər üzərində çalışır və yeni pedaqoji metodlarla tanış oluram. Bu yanaşma həm mənim peşəkar inkişafıma, həm də imtahanlara daha inamla hazırlaşmağıma kömək edir.

-Riyaziyyatı uşaqlara sevdirmək üçün dərslərdə hansı kreativ və müasir metodlardan istifadə edirsiniz?

-Riyaziyyatı uşaqlara sevdirmək üçün onu sadəcə qaydalar və formulalar toplusu kimi təqdim etmək doğru deyil. Əsas məqsəd şagirdləri düşünməyə və məntiqi nəticələr çıxarmağa yönəltməkdir. Dərslərdə çalışıram ki, şagirdlər cavabı əzbərləməkdənsə, sualın mahiyyətini və onun həll yollarını araşdırsınlar. Mənim üçün dərsi maraqlı etmək yalnız kompyuter, təqdimat və ya texnologiyadan istifadə ilə ölçülmür. Əsas məqsəd şagirdlərin riyaziyyatın daxili gözəlliyini, nizamını və məntiqini görməsi və ondan həzz almasıdır.

-Şagirdlərinizi hər zaman nəyə təşviq edirsiniz?

-Şagirdlərimi ilk növbədə verilənləri anlamağa, düşünməyə və sual verməyə təşviq edirəm. Riyaziyyat doğru düşünməyi, nəticə çıxarmağı və məntiqi mühakimə aparmağı öyrədir. Mən onlara deyirəm ki, cavabı əzbərləmək kifayət deyil cavabın arxasında duran məntiqi anlamaq vacibdir, çünki anlayış olmadan bilik uzunömürlü olmur. Həmçinin şagirdlərimə səbirli olmağı və tələsmədən düşünməyi öyrədirəm. Riyaziyyatda olduğu kimi, həyatda da ən gözəl nəticələr səbir və davamlılıqla əldə olunur.

-Elm və Təhsil Nazirliyinin dərslik qiymətləndirməsi prosesində iştirak edirsiniz. Sizcə, dərsliklərin effektivliyini artırmaq üçün hansı əsas meyarlar nəzərə alınmalıdır? Müasir dərsliklərdə rast gəlinən çatışmazlıqlar nələrdir və onları düzəltmək üçün hansı təklifləriniz varmı?

-Dərsliklərin hazırlanması və qiymətləndirilməsi çox məsuliyyətli və strateji işdir. Effektiv dərslik yalnız şagirdin biliyini artırmamalı, həm də onların məntiqi, analitik və tənqidi düşünmə qabiliyyətini inkişaf etdirməlidir. Bunun üçün dərslik:

  -Təhsil proqramına uyğun olmalı;

  - Mövzuları ardıcıl təqdim etməli;

  -Elmi etibarlılığı və dəqiqliyi təmin etməli;

  - İnkişafyönümlü, tərbiyəyönümlü və dəyəryönümlü olmalı;

  -Şagirdlərin yaş və psixoloji xüsusiyyətlərinə uyğun hazırlanmalı;

  -Pedaqoji və metodiki yanaşmalar qabaqcıl nəzəriyyələrə əsaslanmalı;

  - Dizayn və tərtibat isə məntiqli, estetik və müasir olmalıdır.

Dərslik canlı bir orqanizm kimidir — zamanla dəyişməli və inkişaf etməlidir. Məqsəd “asan dərslik” hazırlamaq deyil; məqsəd şagirdə düşünməyi öyrədən, yaradıcı və tənqidi yanaşmanı inkişaf etdirən dərslik hazırlamaqdır. Dərslik komplektlərinin layihələri www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilir. Toplanan tövsiyə və iradlar araşdırılır, müzakirə olunur və dəyərli təkliflər nəzərə alınır.

-Dövlət İmtahan Mərkəzində marker kimi fəaliyyət göstərərkən qiymətləndirmə zamanı qarşılaşdığınız çətinliklər hansılardır və onları necə həll edirsiniz?

-Marker kimi qiymətləndirmə prosesi çox diqqət və məsuliyyət tələb edir. Çünki minlərlə şagirdin nəticəsi bizim qiymətləndirməmizdən asılıdır. Ən böyük çətinliklərdən biri subyektivlikdən qaçmaq və hər cavabı eyni standartlara uyğun qiymətləndirməkdir. Bunu həll etmək üçün mən hər zaman əvvəlcədən hazırlanmış qiymətləndirmə meyarlarına ciddi riayət edir, bir neçə nümunə cavab üzərində təcrübə keçirirəm. Qiymətləndirmə zamanı isə diqqətli və ardıcıl olmağa çalışıram. Əlavə olaraq, qeyri-müəyyən hallarda komanda daxilində məsləhətləşmə aparmaq çox faydalıdır; bu da nəticələrin ədalətli olmasını təmin edir.

-Beynəlxalq təlimlərdə iştirak etmisiniz. Bu təlimlərdən hansı metodları dərslərinizdə tətbiq edirsiniz?

-Beynəlxalq təlimlərdə gördüyüm ən önəmli məqam odur ki, uğurlu dərs şagirdi aktiv edir, yalnız müəllim izah etmir. Dərslərimdə bu yanaşmanı tətbiq edirəm: şagirdlər suallar verir, müxtəlif yollarla problemi həll etməyə çalışır və nəticələrini müzakirə edirlər. Bu metodlar yalnız riyazi bilikləri deyil, eyni zamanda təfəkkür və məntiqi düşüncəni də inkişaf etdirir. Nəticəni dərhal görmək mümkün olmasa da, davamlı şəkildə tətbiq etdikdə şagirdlərin inkişafını müşahidə etmək mümkündür.

-Pedaqoji fəaliyyətinizə görə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmusunuz. Bu, sizə hansı motivasiya verir və gələcəkdə nəyi hədəfləyirsiniz?

-Bu təltif mənə daha da məsuliyyətli olmağı və pedaqoji fəaliyyətimi yüksək səviyyədə davam etdirməyi həvəsləndirir. Gələcəkdə məqsədim həm şagirdlərin təhsil keyfiyyətini artırmaq, həm də müasir tədris metodlarını dərslərdə tətbiq etməkdir. Eyni zamanda, müəllim həmkarlarımla təcrübə mübadiləsi aparmaq və məktəbimizin uğurlarını daha da artırmaq da hədəflərim arasındadır.

-Müəllim olmaq istəyən gənclərə hansı tövsiyələri verərdiniz? 

-Müəllim olmaq böyük məsuliyyət tələb edir və yalnız bilik verməkdən ibarət deyil. Eyni zamanda, səbirli və anlayışlı olmaq, hər şagirdin fərdi xüsusiyyətlərini nəzərə almaq vacibdir. Müasir uşaqlar texnologiya və informasiya ilə erkən tanış olurlar, buna görə də onların diqqətini saxlamaq, maraqlarını dərsə cəlb etmək və daha interaktiv metodlardan istifadə etmək vacibdir.

-Bəzən deyirlər ki, indiki uşaqlar əvvəlki nəsillərdən fərqlidir. Sizcə bu günün gəncləri hansı xüsusiyyətləri ilə seçilir?

-İndiki uşaqlar texnologiya və informasiya ilə daha erkən tanış olduqları üçün sürətli öyrənmə və çoxistiqamətli düşünmə qabiliyyətinə malikdirlər. Eyni zamanda, bu nəsil diqqətini tez itirən, seçici və bəzən səbr çatışmazlığı ilə fərqlənir. Onların formalaşma prosesi yalnız məktəbdə deyil, həm də internet, sosial şəbəkələr və ətraf mühit vasitəsilə baş verir. Müəllim kimi mən çalışıram ki, şagirdlərin diqqətini dərsə cəlb edim və onları dərsin mövzusuna aid problemlərlə aktiv şəkildə maraqlandırım.

-Bir şagirdinizin həyatına verdiyiniz ən böyük töhfə nə olub?

-Hər bir şagirdin həyatına kiçik də olsa təsir etmək, onların düşüncə və bacarıqlarını inkişaf etdirmək müəllim üçün ən böyük uğurdur. Xüsusilə bəzi şagirdlərimin özünə inam qazanaraq təhsilində uğur əldə etməsi mənim üçün həm qürur, həm də pedaqoji fəaliyyətimi davam etdirmək üçün motivasiyadır.

-Müəllim kimi hansı prinsiplərə əsla güzəşt etmirsiniz?

-Ən vacib prinsipim şagirdlərə dürüst və ədalətli yanaşmaqdır. Hər bir şagird fərqlidir və onlara eyni standartlarla, diqqətlə və ədalətlə yanaşmaq vacibdir. Mən təhsilin keyfiyyətindən və etik davranışdan güzəşt etmirəm.

-Azərbaycan təhsilinin bugünkü durumu barədə nə düşünürsünüz?

-Azərbaycan təhsili müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşir və yenilənir. Ölkəmizin qarşısında dayanan hədəflərin gerçəkləşməsinə təhsil sistemi də öz töhfəsini verir. Son illərdə Azərbaycan şagirdlərinin beynəlxalq və respublika olimpiadalarındakı uğurları əhəmiyyətli dərəcədə artıb. Beynəlxalq və respublika fənn olimpiadalarının, eləcə də müsabiqə və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar ki, bu da çox müsbət haldır.

-Gələcəklə bağlı nə kimi planlarınız var? Daha hansı uğurlara imza atmaq istərdiniz?

-Gələcəkdə əsas hədəfim şagirdlərin yaradıcı və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməkdir. Onlara yalnız doğru cavabı verməyi öyrətmək kifayət deyil; əsas məqsəd onları düşünməyə, analiz etməyə və dünyanı sistemli görməyə yönəltməkdir. İstəyirəm ki, hər şagird öz qərarını verə bilsin, problemlərə müxtəlif yanaşmalar tapsın və nəticələrə tənqidi yanaşma qabiliyyətini inkişaf etdirsin. Eyni zamanda, milli dəyərlərimizi qoruyub saxlamaqla, onları müasir dünyaya açıq və məsuliyyətli vətəndaşlar kimi yetişdirmək mənim əsas hədəfimdir.

Yaqut Ağaşahqızı, “İki sahil”